Naxçıvan şəhərində inşa edilən Heydər Məscidi kompleksində işlər yekunlaşır

Apr9,2023

Naxçıvan şəhərində inşa edilən yeni Heydər Məscidi kompleksində aparılan son tamamlama işləri yaxın günlərdə başa çatacaq.

QİA.AZ xəbər verir ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında inşa edilən məscid 6 min 400 kvadratmetr sahəni əhatə edir.

Eyni vaxtda 5 min nəfərin ibadət edə biləcəyi məscid iki minarəli, 15 günbəzlidir.

Kompleksdə qadın və kişilər üçün ayrı-ayrı ibadət zalı və mədrəsə olacaq. Naxçıvan və Şərq memarlıq məktəbi üslubunda tikilən məscidin minarələrinin hündürlüyü 40, günbəzlərinin hündürlüyü isə 12 metrdir. Həmçinin, kompleksdə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin, mərasim evində isə qadın və kişilər üçün ayrıca bölmələr, eləcə də dəstəmazxanalar olacaq.

Qeyd edək ki, hazırda Naxçıvan muxtar respublikasında 214 məscid, 18 dini icma fəaliyyət göstərir.

Oxşar Xəbərlər