Naxçıvanda aşkarlanan maddi mədəniyyət nümunələri nəyi sübut etdi?-FOTO

İyn10,2023

Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən Beynəlxalq Azərbaycan-ABŞ Arxeoloji Ekspedisiyasının fəaliyyəti yekunlaşmaq üzrədir. 

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə aparılan qazıntılar zamanı tariximiz üçün mühüm dəlillər aşkar olunub.

Vəli Baxşəliyev əldə olunan nəticələrlə bağlı QİA.az-a məlumat verib.

O bildirib ki, ekspedisiyanın Sədərək rayonunda yerləşən Kültəpə (Sədərək Kültəpəsi) yaşayış yerində apardığı araşdırmalar zamanı çox əhəmiyyətli nəticələr əldə edilib: “İndiyədək Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqazda aşkar olunan arxeoloji abidələr ya skiflərə, ya da urartulara aid edilib. Halbuki, Urartu kitabələrində bu ölkələrin işğal edilməsi, yəni urartulara aid olmadığına aid xeyli məlumatlar var. Digər tərəfdən Kültəpədə aşkar edilən maddi mədəniyyət nümunələri də urtarulara və skiflərə aid edilib, mannalıların isə guya mədəniyyət formalaşdıra bilmədiyi yazılıb. Üç yüz ilə yaxın mövcud olan bir dövlətin mədəniyyəti olmazmı? Bizim apardığımız araşdırmalar urartulara və skiflərə aid edilən bir çox maddi mədəniyyət nümunələrinin Manna dövlətinə məxsus olduğunu təsdiq edir”. 

Vəli Baxşəliyev bildirib ki, Sədərək Kültəpəsində aparılan araşdırmalar zamanı aşkar edilən, şəhərlər üçün xarakterik olan üç sıra daş döşəməli küçələr də bunun bir nümunəsidir. 

Onun sözlərinə görə,  indiyədək bu tip memarlıq nümunələri Cənubi Azərbaycanda Həsənli və Bastamda aşkar olunub:  “İstər Həsənlinin IV təbəqəsindən, istərsə də Sədərək Kültəpəsindən aşkar olunan keramika Urartu keramikasından tamamilə fərqlidir. Daş döşəməli küçələrin isə urartuların Urmiya hövzəsinə və Cənubi Qafqaza yürüşlərindən xeyli əvvələ aid olduğu karbon analizlərlə təsdiq olunur.  Bu isə Manna dövlətinin özünəməxsus arxitekturaya malik olduğunu sübut edir. Urartu hökmdarı I Argiştinin Araz çayı sahilində qarşılaşdığı ölkələrdən biri də Aza ölkəsi idi. O, Argiştihinili şəhərini Aza torpaqlarında inşa etmişdi. Tədqiqtiqatçıların fikrinə görə, Aza toponimi Manna hökmdarı Azanın adı ilə bağlı olub. Aza adlı kənd indi də Naxçıvanın  Ordubad rayonu ərazisində qalmaqdadır. Araşdırmalara əsasən demək olar ki, urartuların Cənubi Qafqazda işğal etdikləri torpaqların bir qismi əvvəlcə Etiunilərə, sonra isə Manna dövlətinə məxsus olub. Həsənli və Sədərək Kültəpəsinin materialları isə bunun inkaredilməz dəlilidir”.

Oxşar Xəbərlər