Naxçıvanda “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) – yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (NDU), Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən konfransın açılış tədbiri Nəbatat bağında olub.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdırıb.
Elbrus İsayev qeyd edib ki, dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsi siyasi və digər istiqamətlərlə yanaşı, Azərbaycanın iqtisadi və turizm cəhətdən də inkişafına töhfə verəcək.
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva bildirib ki, ölkəmizin təbii zənginliklərinin dövlət səviyyəsində mühafizə edilməsi işi XX əsrin ikinci yarısından etibarən sistemli şəkildə həyata keçirilib. Azərbaycanda təbii sərvətlərin qorunması, yaşıllaşdırma proqramlarının gerçəkləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılıb.
Səyyarə İbadullayeva vurğulayıb ki, biomüxtəlifliyin qorunması və davamlı istifadəsi XXI əsrin ən mühüm və qlobal problemlərindən olmaqla, dövlətin həllini vacib hesab etdiyi prioritet məsələlərdəndir.
Konfransda AMEA-nın müxbir üzvü, NDU Tibb fakültəsinin Əczaçılıq və biokimya kafedrasının professoru Tariyel Talıbov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, biologiya elmləri doktoru, professor Eldar Novruzov, Naxçıvan Dövlət Universitetinin prorektoru biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov və biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova çıxış ediblər.
Məruzələrdən sonra Botanika İnstitutunun təşkil etdiyi kitab sərgisinə baxış olub.
Daha sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Qeyd edək ki, konfrans 2 gün ərzində 8 bölmədə öz işini davam etdirəcək.