Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu – 2024” keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “İpəkyolu Beynəlxalq Gənclər Forumu – 2024” keçirilib. Forumda Naxçıvan Muxtar Respublikasından 400 tələbə və fəal gənc iştirak edib.

QİA.az AZƏRTAC-ın Naxçıvan bürosuna istinad ilə xəbər verir ki, forumun rəsmi açılışından öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.“Gənclik” Mərkəzində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Forumda Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, NMİ-nin Tədris işləri üzrə prorektoru Elşən Məmmədov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış ediblər. Çıxışlarda Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan, verdiyi tövsiyələrdən bəhs edilib.Sonra NDU nəzdində Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifası dinlənilib.Daha sonra “Ümummilli Lider Heydər Əliyev irsi – Gənclərin inkişafı və liderliyi”, NDU-da təhsil alan xarici tələbələrin iştirakı ilə “İpək yolu perspektivləri: Sabahın çağırışları üçün gənclərin maarifləndirilməsi” mövzularında panel müzakirələr aparılıb.

Qeyd edək ki, forumun əsas məqsədi Naxçıvanda təhsil alan yerli və xarici tələbələri bir araya toplayaraq, gənclər siyasətində əksini tapan prioritet mövzular üzrə fikir mübadiləsi aparmaq, yeni perspektivlər və çağırışlar haqqında məlumatlandırmaqdır.

Oxşar Xəbərlər