Naxçıvanda kitab bayramı: “I Naxçıvan Kitab Sərgisi” keçirilir- FOTO

May 13, 2023

Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), ”Naxçıvan” Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “ANAİB I Naxçıvan Kitab Sərgisi” keçirilir.

QİA.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində olan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin adını daşıyan muzeylə tanış olublar.

 “Naxçıvan” Universitetində təşkil olunan sərgidə Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
 
“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov tədbirin mahiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, bu cür kitab sərgilərinin təşkili yazıçı, şair və oxucular arasında əlaqələri möhkəmləndirməklə bərabər, gənclərdə kitaba olan marağı daha da artırır. Qeyd olunub ki, Naxçıvanda ilk dəfə təşkil olunan kitab sərgisində tanınmış yazıçı və şairlərin iştirakı və onlarla tanışlıq oxucuların dünyagörüşündə də müsbət rol oynayacaq.

Tədbirdə iştirak edən “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi İdarə heyətinin sədri, dosent Şəmil Sadiq bildirib ki, sərgidə  yerli və müxtəlif bölgələrdən olan müəlliflərin kitablarının  sərgi- satışı təşkil olunub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, yazıçı Varis Yolçuyev və əməkdar jurnalist Allahverdi Məmmədli Azərbaycan ədəbiyyatının mahir bilicisi, klassik ədəbi irsin mühafizəçisi, sənət adamlarının yaxın dostu Heydər Əliyevin yazıçılarla görüşlərindən danışıblar.

Qeyd olunub ki, bu görüşlər onun yaradıcı ziyalılara həssas münasibətini, sənət problemlərinin mahiyyətinə varma məharətini nümayiş etdirib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Naxçıvanın Azərbaycana, Türk dünyasına Heydər Əliyevi bəxş edən müqəddəs bir diyar olduğunu vurğulayıb: “Naxçıvan böyük ustadların, dahilərin vətənidir. O ustadlar ki, biz daim onlardan öyrənirik”.

Rəşad Məcid Naxçıvanın təbiəti, gözəlliyi ilə bağlı həvəskar gənclərin çəkdiyi fotolardan ibarət foto-albomun təqdimatında olduğunu da diqqətə çatdırıb. Fotolarda Naxçıvan təbiətinin mistik aurasının insanların xarakterində də təzahür etməsinin şahidi olduğunu diqqətə çatdıran Şura sədri arzusunu da dilə gətirib: “Vətən müharibəsində əldə olunan parlaq zəfər sayəsində Qarabağın mirvarisi Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak etdim. Arzu edirəm ki, növbəti il Naxçıvanda kitab sərgisinə gəlmək üçün Zəngəzur dəhlizindən istifadə edək”.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev muxtar respublikada yazıçı və şairlər üçün yaradılan şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışıb.                           
Qeyd edək ki, sərgi 13- 14 may tarixlərində “Naxçıvan” Universitetində saat 10:00-dan 20:00-a qədər davam edəcək.

Tanınmış ədiblərin də iştirak etdiyi iki günlük sərgidə minlərlə kitab  endirimli qiymətlərlə oxucuların ixtiyarında olacaq.

Oxşar Xəbərlər