Dünya müsəlmanlarının mənəvi birlik, xeyirxahlıq, dözümlülük və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı Tanrının bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarındandır. Qurban bayramı yüksək insani keyfiyyətlərdən olan mərhəmətin və paylaşmağın, həmrəyliyin təlqin edilməsi üçün gözəl fürsətdir. Bu müqəddəs gündə qurban kəsmək və paylamaq bayramın fəzilətlərindən biri kimi yüksək mənəvi dəyərə malikdir.
QİA.AZ xəbər verir ki, Qurban bayramı muxtar respublikada qeyd edilib, məscidlərdə bayram namazı qılınıb, qurban əti paylanılıb.
Həmin gün Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın bütün rayonlarında da sağlamlıq imkanları məhdud şəxslərə, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə, şəhid ailələrinə və qazilərə, Naxçıvan Hərbi Hospitalına, muxtar respublikada təhsil alan əcnəbi tələbələrə, Ağciyər Xəstəlikləri və Psixi Xəstəliklər dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə olunanlara, “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsinin, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kollektivlərinə, ümumilikdə, 5 mindən artıq bayram payı verilib.