Naxçıvanda şəhid ehtiramla qarşılandı – FOTO

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Lakin noyabrın 16-da Ermənistan dövlət sərhədində növbəti təxribat törədib. Ordumuz tərəfindən düşmən təxribatının qarşısı qətiyyətlə alınıb. Döyüş əməliyyatları zamanı 7 hərbi qulluqçumuz şəhidlik zirvəsinə yüksəlib.

QİA.AZ xəbər verir ki, Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunan şəhid leytenant Niftəliyev Ümüd Oruc oğlunun cənazəsi noyabrın 18-də muxtar respublikaya gətirilib.

Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.

Şəhidin cənazəsi doğulduğu Nehrəm qəsəbəsinə yola salınıb.

Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

Oxşar Xəbərlər