Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb.
“QİA.AZ”ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmana əsasən, “Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib.
Müəyyən edilib ki, Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanmış hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə yaradılır.
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Qedy olunub ki, Fondun vəsaitinin sərəncamçısı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Beləliklə, Nazirlik bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmasını, həmin şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin onların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını təmin etməlidir.
Eyni zamanda fiziki və hüquqi şəxslərin Fonda könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etməlidir.
Həmçinin Nazirlik Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırmalıdır.
Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etməlidir.
Nazirlik Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etməli və Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik vəillik hesabatları, habelə digər zəruri məlumatları aidiyyəti üzrə təqdim etməlidir.