Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı üçün işlər görülür

Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına elektrik enerjisinin ixracı ilə bağlı “Karub Enerji Sənaye və Ticarət”, “Nobel Energy Management” və “Baltech Enerji” şirkətlərinin nümayəndələri ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin nümayəndələri arasında ayrı-ayrılıqda müxtəlif vaxtlarda görüşlər keçirilib.

QİA.az xəbər verir ki, bu barədə Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşlərdə şirkət nümayəndələri ilə muxtar respublikanın elektrik şəbəkəsi infrastrukturu, mövcud imkanlar və gələcək prioritetlər müzakirə edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında elektrik enerjisi mübadiləsi imkanlarına dair zəruri araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikası energetika nazirinin 2021-ci il 3 avqust tarixli əmri ilə yaradılmış işçi qrupla Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri arasında da müxtəlif vaxtlarda görüşlər keçirilib, Türkiyə Respublikası və Naxçıvan Muxtar Respublikası tərəfində olan ötürücü və paylayıcı yarımstansiyalar, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Xidmət arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb.

“Əməliyyat müqaviləsi”nin yaxın zamanlarda imzalanması planlaşdırılır.

Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib.

Oxşar Xəbərlər