Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2022-ci ilin gəlişi ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.
QİA.AZ xəbər verir ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov kollektivi hər iki bayram münasibətilə təbrik edərək bildirmişdir ki; “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük günüdür. Hər bir xalqın milli varlığını şərtləndirən əsas amillərdən biri onun etnik-siyasi mütəşəkkilliyi, milli həmrəyliyidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir. Bu ideya bu gün yeni, müstəqil Azərbaycanımızda dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarını təşkil edir. Deyərdim ki, dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelərimiz və dövlət maraqlarımız kontekstində tarixi zərurətdən doğan ehtiyacdır. Dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci ildə Azərbaycan xalqının öz istiqlaliyyətini bəyan etməsi, 1920-ci ildə itirilmiş müstəqilliyinin bərpa olunması müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsinə imkan verdi. Əslində, Azərbaycanın müstəqilliyi və qədirbilən xalqımızın milli azadlığı dünya azərbaycanlılarının həmrəyliyinə zəmin yaratdı. 1989-cu il dekabrın 31-də sovet rəhbərliyinə ilin son etira¬zı və ciddi xəbərdarlığı olaraq, eləcə də tək, gücsüz olmadığımızı düşmən qüvvələrə göstərmək üçün Arazboyu sərhəd dirəkləri və simləri sökülmüş, Naxçıvandan – Vətəndən dünyaya qar¬daşlıq qapısı açılmış, dünyadakı soydaşlarımıza və dostlarımıza ilk həmrəylik mesajları göndərilmişdir. Təssüf ki, bu hadisələrdən sonra açıq şəkildə ermənipərəstlik nümayiş etdirən Sovet rəhbəri Mixail Qorbaçov rejimi müstəqilliyə can atan Azərbaycanı cəzalandırmağa qalxmış və qanlı 20 Yanvar qırğınını törətmişdi. Bu müdhiş dövlət qətliamı Azərtbaycanı İttifaq dövlətinə bağlayan son telləri də qırmaqla xalqımızı dövlət müstəqilliyi uğrunda mübarizənin astanasına gətirmişdi. Azərbaycan xalqının iradəsi ilə dağıdılmış sərhədlərdən xarici aləmə yayıl¬mış o zamankı haqlı harayımız, respublikamıza qarşı törədilmiş hərbi təzavüz və misilsiz qanlı cinayət, ilk növbədə, dünyada yaşayan on milyonlarla soydaşlarımızı da sarsıtmış, onların qəlbində közərən Vətən məhəbbətini daha da alovlandırmışdır.”
Bəxtiyar Əsgərov qeyd etdi ki, “Yaxın, qonşu ölkələrin, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bu prosesi müdafiə etməsi, ölkədə və dünyada gedən demok¬ratik proseslərin dünya azərbaycanlılarının bu mövqeyi ilə üst- üstə düşməsi xalqımıza qarşı yönəldilmiş mürtəce təbliğatın qarşısını qismən də olmuş olsa, almışdı. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respub¬likasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım olmuşdur. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gü¬nünün hər il geniş qeyd edilməsi zərurəti irəli sürülmüşdü. O zaman bu hadisələrin səbəblərini, mahiyyəti və nəticələrini doğru-düzgün an-layan, qiymətləndirən ümummilli lider, dün¬ya siyasətinin nəhəngi sayılan böyük Heydər Əliyev Moskvada Azərbaycan Nümayəndəliyinə gələrək 20 Yanvar qırğınını törədənləri kəskin ittiham etmiş və az sonra Kom¬munist partiyası ilə bağlılığına xitam verərək doğma xalqının yeni başlayan müstəqillik hərəkatına qoşulmuşdu. Sonrakı aylarda Moskvada ciddi nəzarətdən qurtulub vətəninə qayıdan, o zamankı yerli rəhbərlərin üzüdönüklüyünə nifrət edərək Bakıda qalmayan, Naxçıvana – doğma¬larının yanına gedən ulu öndərimiz Heydər Əliyev naxçıvanlıların təkidli tələbi, istəyi ilə blokada şəraitində yaşayan muxtar respublikaya rəhbərliyi üzərinə götürəndən sonra 31 dekabr hadisəsinin tarixi önəmini xalqın istəyini və dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bəyan etmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində Naxçıvanda atılmış addım sonrakı dövrlərdə həmin sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın həmrəylik, birlik ideyaları ətrafında birləşməsində çox mühüm rol oynadı.Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin həmin sessiyasındakı çıxışında qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq deyirdi: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.
Dünya azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir. Eyni zamanda, milli adət və ənənələrin, mədəni dəyərlərin mühafizəsi, yeni nəsillərə ötürülməsi dünyadakı bütün soydaşlarımızın mənəvi borcudur. Azərbaycan diasporunun mütəşəkkil bir gücə çevrilməsi məhz 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Elə bu dövrdən etibarən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki Azərbaycan icmalarının nümayəndələri ilə keçirdiyi görüşlərdə diasporun təşkilatlanmasının əsas vəzifə kimi qarşıya qoyulmasını qeyd edirdi.”
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütməsindən bəhs edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov əlavə etdi ki; “Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli liderimiz, qeyd etdiyimiz kimi, xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirir, onların problem və qayğıları ilə yaxından maraqlanırdı. Ulu öndərin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanımız dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün, həqiqətən də, milli iftixar, qürur mənbəyinə, mənəvi dayaq və güvənc yerinə çevrilmişdir. Müdrik rəhbərin “Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi haqqında” 23 may 2001-ci il tarixli Sərəncamına uyğun olaraq, həmin ilin 9-10 noyabrında Bakıda təşkil olunmuş qurultay həmrəyliyə, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, diaspor quruculuğunun təkmilləşdirilməsi işinə ciddi mənada böyük töhfə olmuşdur. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək təzahürü, zirvəsi idi. Ulu öndərimiz Heydər Əliyev qurultaydakı nitqində dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkmiş, bunun üçün zəruri olan prioritetləri diqqətə çatdırmışdır: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq məfkurəsi aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik””.
“Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qalmışdır. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yaranmış, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başlamışlar.”- deyən daimi nümayəndəliyin rəhbəri bildirdi ki; “Dünya azərbaycanlılarının təşkilatlanmasında, onlar arasında həmrəyliyin güclənməsində Dünya Azərbaycanlılarının I Qurultayının önəmi, doğrudan da, böyük olub. Məhz bu qurultaydan sonra Azərbaycan dövlətinin diaspor işi mərkəzləşdirilmiş, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edilmiş, Milli Məclisdə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini tənzimləyən qanun qəbul olunmuşdur. Bu mənada, dünya azərbaycanlılarının ilk qurultayının baş tutması diaspor ilə işin inkişafı baxımından böyük əhəmiyyət kəsb edib. Ümummilli liderimiz Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi fikirlər bu gün də öz aktuallığını saxlayaraq hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilmişdir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Müstəqil Azərbaycan Respublikası dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı, milli-mədəni maraqlarının ifadəçisidir. Bu gün dövlətimiz bütün dünyada yaşayan azərbaycanlıların tarixi Vətəni, həmçinin siyasi – ideoloji mərkəzi kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri hesab edir.”
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları illərdir olduğu kimi, bu gün də müstəqil Azərbaycan dövlətinin başçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti¬nin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına, özlərini, doğrudan da, Vətənin bir parçası kimi hiss etmələrinə səbəb olmuşdur. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı müvafiq Sərəncama əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermiş, 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuş, onların doğma Vətənə olan bağlılıqlarını artırmışdır.
Beş ildən bir, 2011-ci ildə Dünya Azərbaycanlılarının III, daha sonra IV qurultaylarının keçirilməsi, bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimlərinin, iş adamlarının iştirak etməsi dediklərimizi sübut edir. Qurultaylar xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin milli- mənəvi, mədəni irsimizin təbliği, bütün sahələrdə təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik bayramına çevrilmişdir.”-deyən Bəxtiyar Əsgərov vurğuladı ki;“Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”, – deyən ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın sayılan ölkələrindən birinə çevrilməsi, ölkəmizin 2020-ci ildə işğalçı Ermənistan üzərində əldə edilmiş həlledici qələbəsi Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə fundamental zəmin yaratmışdır.”
Bəxtiyar Əsgərov dedi ki; “ Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişaf strategiyası ötən 18 ildə böyük iqtisadi layihələrə, beynəlxalq və regional platformalara hədəfləndi. İqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədə möhtəşəm diplomatik uğurlarımız Vətən müharibəsində də Zəfərimizi şərtləndirdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ildir ki, pozulmuş ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın 30 illik doğma yurd, el- oba, torpaq həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, dünyada yaşayan 50 milyon azərbaycanlının üçrəngli, ay–ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi, Prezident İlham Heydər oğlunun sərkərdəliyi ilə tariximizin şanlı zəfər səhifəsi yazıldı. 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bu qələbənin məhz birliyimiz hesabına əldə olunmasını xüsusi vurğuladı: “Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!” Vətən müharibəsində Azərbaycan Ordusunun hər qələbə sevinci dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi yaratdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bu gün hər bir soydaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın erməni işğalçılarından azad olunmasında şəhidlik zirvəsinə yüksələn vətən oğullarımızın xatirəsini əziz tutur, onları hər an ehtiramla yad edir. İnamla deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalını daşıyan həmvətənlərimiz də 44 günlük müharibədə milli ordumuza kömək etdi, düşmənlə informasiya cəbhəsində döyüşdü. Müxtəlif ölkələrdə təşkil olunan tədbirlərdə, xarici mediadakı çıxışlarda Azərbaycan həqiqətləri, keçmiş Qarabağ münaqişəsi, Ermənistanın ballistik raket hücumları ilə dinc mülki əhaliyə qarşı terror aktları mütəmadi olaraq soydaşlarımız tərəfindən dünya ictimaiyyətinə çatdırıldı. Müharibə dövründə dünya azərbaycanlıları müstəqil dövlətimizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini, ölkəmiz haqqında həqiqətlərin xarici ölkələrdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak edirdi. Bu, əslində, böyük Heydər Əliyevin əsasını yaratdığı, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən dünya azərbaycanlıları birliyinin milli maraqlar ətrafında böyük qələbəsi idi.”
Bəxtiyar Əsgərov ayrıca qeyd etdi ki; “Naxçıvan Muxtar Respublikasında 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbirlərin keçirilməsi təkcə bu möhtəşəm bayramın qeyd edilməsi baxımından deyil, həm də ulu öndərimiz Heydər Əliyevin vaxtilə bu milli bayramın təsisi edilməsi ilə bağlı bu qədim diyarda qəbul etdiyi qərarın xatırlanması baxımından böyük əhəmiyyət daşıyır. Həmrəylik ideyalarının ilk dəstəkçilərindən olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov illərdir Naxçıvanda ümummilli liderin siyasi kursuna, Prezident İlham Əliyevin siyasətinə münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətini yaratmışdır. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqət və ehtiramın, onun müəyyənləşdirdiyi yola inamın nəticəsi kimi siyasi və makroiqtisadi sabitliyə tam nail olunub, iqtisadiyyatın bütün sahələrində aparılan köklü islahatlar bəhrələrini verib, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Ən əsası, Vətən müharibəsində əsl fədakarlıq göstərmiş, təbii ki, eyni zamanda şəhid olmuş, qazi olmuş hərbçilərimizin xidmət keçdiyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun güclənməsinə nail olunmuşdur. Təbii ki, əldə edilmiş bu və ya digər uğurların hamısı muxtar respublika sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə, müdafiə təhlükəsizliyinin möhkəmləndirilməsinə, yaşayış tərzinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf proqramlarının Naxçıvanda cənab Vasif Talıbovun rəhbərliyi ilə illərdir dönmədən icra edilməsi Naxçıvan Muxtar Respublikasının özünün iqtisadi inkişafı baxımından sürətlə yeniləşən, daha mütərəqqi texnologiyaların tətbiqi sahəsində əsaslı işlərə imza atan, özəl sektorun ayrı-ayrı sahələrinin təkamülü və inkişafına əsaslı şərait yaradan amillərdəndir. Sevindirici haldır ki, bu gün çoxsahəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması , mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Özünün hərtərəfli inkişaf dövrünü yaşayan Naxçıvanın hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alır, gözəl yaşayış məskəninə çevrilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir ölkə inkişafa nail olmağa çalışır. Lakin o ölkədə inkişaf təmin olunur ki, orada sabitlik, müəyyən olunmuş inkişaf yolu və dövlət-xalq birliyi olsun. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi təmin olunub. Ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub.” Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirərək,bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər etməkdədirlər.”
Sonda daimi nümayəndəliyin kollektivini bir daha bu əlamətdar bayram və Yeni ilin gəlişi münasibətilə təbrik edən Bəxtiyar Əsgərov bildirdi ki; “Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil dövlətimizə hər hansı təhlükənin, təcavüzün qarşısının alınması, onun demokratik, dünyəvi, hüquqi, milli bir dövlət olaraq inkişaf edib möhkəmləndirilməsi hər bir azərbaycanlının şərəfli vəzifəsi kimi bütün arzularımızın fövqündə dayanır. Azərbaycan dilinin, milli-əxlaqi dəyərlimizin, millət kimi formalaşdığımız tarixi Vətənimizin şərəfini qorumaq, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın ən yüksək həyat amalına çevrilməlidir. Çünki müstəqil Azərbaycan dövləti xalqımızın əldə etdiyi ən böyük nailiyyətidir. Dünya azərbaycanlılarının həmrəyliyi, birliyi isə müstəqil Azərbaycanın işıqlı gələcəyinin qarantıdır.Bayramlarınız mübarək olsun!”
Tədbir digər çıxışlarla davam etdirilmişdir.