Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirildi – FOTO

Avq19,2021

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində yüksək dağ şəraitində yerləşən hissə və bölmələrimizdə nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Təkəqaya və Soyuq bölgələrindəki hərbi birləşmələrin məişət şəraiti xeyli yüksəldilib.

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Ali Məclisin sədri yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Qeyd edilib ki, Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metrdən artıq yüksəkliklərdə yerləşən bölmələrində 2021-ci ilin ötən dövrü ərzində hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilərək, ümumilikdə, 11 müdafiə mövqeyində yeni əsgər yataqxanaları tikilib, mövcud olanlar əsaslı təmir edilib. Müdafiə mövqelərini daimi elektrik enerjisi ilə təmin etmək üçün yeni günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib.

Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu bu gün qısa zamanda qət etmək mümkündür. Ümumilikdə mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında 70 kilometrlik hərəkət yolu yenidən çəkilib və 200 kilometrdən artıq təminat yolu təkmilləşdirilərək bərpa edilib.

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub.

Bildirilib ki, yenidən qurulan yataqxana, yeməkxana, anbarlar, çörək sexi və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Buraya içməli su xətti çəkilib, istilik sistemi quraşdırılıb. Tibb məntəqəsində lazımi dərman vasitələri qoyulub. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir.

İdeoloji otaqda hərbi və bədii ədəbiyyatlar qoyulub, müxtəlif məlumat stendləri asılıb. Döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla öyrədilməsi, hərbi vərdişlərin daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Anbarlara baxış zamanı məlumat verilib ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunub. Anbarda ərzaq ehtiyatı yaradılıb. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarında da lazımi geyim dəstləri və digər məişət əşyaları vardır.

Oxşar Xəbərlər