Nazir: Azərbaycan-Qırğızıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Qırğız Respublikasının müstəqilliyinin 33-cü, Qara-Qırğız Muxtar Vilayətinin 100-cü ildönümü münasibətilə Bakıda təşkil edilən tədbirdə səsləndirib.

Azərbaycan Hökuməti adından Qırğız dövlətini və xalqını təbrik edən nazir vurğulayıb: “Azərbaycan və qırğız xalqlarının tarixi dostluğa və qardaşlığa əsaslanan əlaqələri hər iki ölkənin liderlərinin siyasi iradəsi ilə uğurla inkişaf edir. Azərbaycan və Qırğızıstan liderlərinin qarşılıqlı səfərləri, birgə səyləri ilə münasibətlərimiz inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq uğurla inkişaf edir və mühüm layihələr həyata keçirilir. 2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanması münasibətlərin yüksək mərhələyə adlamasında əhəmiyyətli rol oynayıb”, – deyə Pərviz Şahbazov bildirib.

Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən, bərpaolunan enerji istiqamətində səmərəli əməkdaşlıqdan, külək və enerji sahəsi üzrə qoyulan birgə investisiyalardan danışan nazir Qırğız Respublikasının Azərbaycanı işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində də dəstəklədiyini qeyd edib.

Vurğulayıb ki, ölkələrimiz arasındakı mövcud strateji tərəfdaşlıq, ənənəvi dostluq əlaqələri, səmərəli işbirliyi bundan sonra daha da genişlənəcək.

Oxşar Xəbərlər