Nazir: İqlim dəyişikliyinin fəsadlarının qarşısını almaq bəynəlxalq dialoq və əməkdaşlıqdan asılıdır

İqlim dəyişikliyinin fəsadlarının qarşısının alınması və yumşaldılması böyük ölçüdə bəynəlxalq dialoqdan və əməkdaşlıqdan asılıdır.

QİA.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev VI Ümumdünya Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda keçirilən iclasda deyib.Nazir vurğulayıb ki, heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin həllinə təkbaşına nail ola bilməz:”Tərəflər arasında səmərəli və effektiv əlaqələrin və əməkdaşlığın qurulmasını təmin edən mədəniyyətlərarası dialoq iqlim dəyişikliyi ilə bağlı qlobal gündəliyin həyata keçirilməsi, ortaq sosial və ekoloji dəyərlərin qorunmasında da vacib rol oynayır”.Onun sözlərinə görə, yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır:

“Son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri yüksəlir. Karbohidrogen resursları ilə zəngin olan Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələri və yaşıl enerjinin xüsusi çəkisinin artırılması hədəflənib. Bu hədəf özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir. Ətraf mühitə buraxılan emissiyaların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri və aqrobağların salınması işləri həyata keçirilir”.Nazir Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaratdığına diqqət çəkib:”Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir”.

Oxşar Xəbərlər