Nazirlik ərəb turistlərə tətbiq olunan cərimənin məbləğini açıqlayıb

Mar 26, 2021

“Bir neçə gündür sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi ilə bağlı və heyvanlarla rəhmsiz rəftar olunması barədə məlumatlar yayılıb. Bununla bağlı ilk növbədə qeyd etmək istəyərdim ki, ictimaiyyət də bilməlidir ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Yəni, digər xarici ölkə vətəndaşları kimi, ərəb ölkələrindən də insanlar ölkəmizə gələ bilər və istirahətini təşkil edə bilər. Amma o başqa məsələdir ki, istirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, təbii ki, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməlidir və bunun qarşısını almalıdır. Bu məlumatlar bizə daxil olanda ilk növbədə araşdırma apardıq. Məlum oldu ki, Acınohur yasaqlığının ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur”.

Bu fikirləri “QİA.az”a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, lakin araşdırmanın gedişatında bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı məlumat daxil olub:

“Bununla bağlı onlar cərimə edildilər. Dünən mətbuatda məlumatlar yayıldı ki, həmin ərazidə hətta ov da aparılıb. Bununla bağlı dərhal araşdırmaya başladıq. Fakt qismən müəyyən edildi. Onu da qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə və mətbuatda köhnə dövrlərə və əvvəlki illərə məxsus olan, hətta ərazisini müəyyən etmək mümkün olmayan bir sıra foto və video çəkilişlər paylaşılmışdı. İddia olunur ki, bunlar hamısı həmin ərazidə baş verib. Amma kiçik bir faktı deyim ki, hazırda artıq quşların miqrasiya dövrü bitib. Buna görə ölkədə, ümumiyyətlə, quşların sayı da azdır. Amma bəzi faktlar öz təsdiqini tapdı. Bununla bağlı tərəfimizdən iki ərəb turist təqribən 4000 manat civarında ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə cərimə edildilər. Hazırda bizim tərəfimizdən ümumiyyətlə, yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbilər görülüb, ərazidə müxtəlif yerlərdə postlar qurulub ki, onlar bu ərazidə hərəkət etməsinlər. Bu fəaliyyət və araşdırmalarımız davam etdiriləcək. Əlavə məlumatlar olarsa, ictimaiyyətə məlumat veriləcək”.

Xidmət rəisi baş verən hadisə ilə bağlı həssaslıq nümayiş etdirən şəxslərə minnətdarlıq edib:

“Biz başa düşürük ki, ictimaiyyət bu məsələlərə çox həssas və diqqətlə yanaşır. Hətta bəzi hallarda belə məsələlər insanlarda müəyyən aqressiya doğurur. Amma bu məsələlərdə dövlət qurumları öz səlahiyyətləri daxilində hərəkət edirlər. Fürsətdən istifadə edib bu məsələyə həssas yanaşan, məlumatları vaxtında ötürən bütün insanlara öz təşəkkürümü bildirirəm”.

Oxşar Xəbərlər