Dünyada neftin qiyməti Amerika Neft İnstitutunun (API) ABŞ-ın xammal ehtiyatlarının keçən həftə ərzində gözlənilmədən artması barədə məlumatlarına görə ucuzlaşıb.
“QİA.AZ” xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.
Bakı vaxtı ilə saat 09:09-a olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,24% ucuzlaşaraq bir barel üçün 50,64 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,19% dəyər itirərək bir barel üçün 47,53 ABŞ dollarına düşüb.
“API-ın ehtiyatlar barədə hesabatı ardıcıl ikinci dəfə artım göstərdikdən sonra neft qiymətləri bir qədər ucuzlaşıb”, – “Reuters” agentliyi OANDA-nın baş bazar analitiki Edvard Moyadan sitat gətirib.
Xatırladaq ki, daha əvvəl API dekbarın 11-i tarixinə son bir həftədə ABŞ-ın neft ehtiyatlarında 2 milyon barel artım olduğunu bildirib. ABŞ Energetika Nazirliyinin ölkənin ehtiyatları ilə bağlı rəsmi məlumatları bu gün axşam yayımlanacaq. Analitiklərin fikrincə, qurum bu rəqəmin 1,9 milyon barel azaldığını bildirəcək.
Bir həftə əvvəl ABŞ-da ehtiyatlar bir anda 15,2 milyon barel artmışdı. Bu artım aprel ayından bəri ən böyüyü olmuşdu.
Treyderlər də neftə olan tələbin heç də birmənalı olmayan perspektivini qiymətləndirməyə davam edirlər. Bir tərəfdən, koronavirusa qarşı peyvəndlərin meydana çıxması qlobal iqtisadiyyatın bərpası perspektivlərini daha nikbin qiymətləndirməyə imkan verir. Digər yandan, ABŞ-da və Avropa və Asiyanın bəzi ölkələrində yoluxma sayı əhəmiyyətli dərəcədə artmağa davam edir və bir sıra ölkələr karantin məhdudiyyətlərini sərtləşdirir.