Neft qiymətləri günorta hərracları zamanı 70 dollarlıq psixoloji həddi keçdikdən sonra yenidən azalıb. Belə ki, Avropa və ABŞ-da iqtisadiyyatın dirçələcəyinə dair ümidlərlə yanaşı, Asiya regionunda ürəkaçan olmayan epidemioloji vəziyyət neftə tələbatla bağlı narahatlığa səbəb olur.
QİA.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 19.25-ə olan vəziyyətə görə “Brent” markalı neftin iyul fyüçersləri 0,35 faiz ucuzlaşaraq 69,22 ABŞ dollarından, “WTI” markalı neftin iyun fyüçersləri 0,66 faiz ucuzlaşaraq 65,84 ABŞ dollarından satılıb. Günorta hərracları zamanı həmin markaların qiymətləri müvafiq olaraq 68,84-70,23 və 65,71-67 dollar ətrafında dəyişib.
Qeyd edək ki, “Brent” markalı neft OPEC+ formatının iştirakçısı olan ölkələr tərəfindən hasilat ixtisarı nəticəsində ilin əvvəlindən bəri 35 faiz bahalaşıb. “Qiymətlərin 70 dollaradək artması neft alış-verişini daha mütəmadi hala gətirməlidir, bununla da tezliklə 71,50 dollara çatacaq” – deyə OANDA broker şirkətinin eksperti Cefri Halli qeyd edib.
Son vaxtlar Avropanın bir sıra ölkələrində və ABŞ-da peyvəndləmənin vüsət alması və karantin məhdudiyyətlərinin yumşaldılması ilə yanaşı, Asiyadakı epidemioloji vəziyyət narahatlığa əsas verir. Xüsusilə də koronavirusdan ən çox ziyan çəkən Hindistanda gündəlik yoluxma sayı 300 mindən aşağı düşsə də, dövlət müəssisələri tərəfindən benzin və dizel yanacağının daxili satışları may ayının birinci yarısında 20 faiz aşağı düşüb. Bu da bir sıra ştatlarda karantin məhdudiyyətləri səbəbindən sənayenin və istehlakın ziyan çəkdiyini göstərir.
Bununla yanaşı, İranla nüvə razılaşmasının yenilənmə ehtimalı və bu ölkənin neft bazarına tam qayıtması perspektivi də neft qiymətlərinin artımını əngəlləyən mühüm amildir.