Neftçala rayonu

Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 11 fevral 1940-ci ildə rayon kimi təşkil olunmuşdur. Sahəsi 1451.7 km2, əhalisi 88,846 nəfərdir. Rayonda 18 inzibati-ərazi dairəsi üzrə nümayəndəlik, 17 bələdiyyə fəaliyyət göstərir.[3] Rayonun inzibati mərkəzi — Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığında yerləşir. Rayonda 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Rayonun iri yaşayış məntəqələrinə Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləri daxildir.

Rayonun tarixi

Qədim dövr

Neftçalada memarlıq abidəsi

Qədim tarixi mənbələrdə Kür çayının mənsəbində parfiyalılara aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır.Hal-hazırda Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında həmin qədim şəhərin xarabalıqlarına rast gəlinir. Bu ərazidə həm quruda, həm də dənizdə IX–XI əsrə aid çoxlu maddi və mədəni qalıq nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanması mədəniyyətinin təkcə Örənqala və Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir. Bəndovanla bərabər ondan təxminən 10–12 km aralıda yerləşən başqa bir şəhər də mövcud olmuşdur. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılmışdır. Həmin qalıqlar suyun altından çıxarılıb və bir hissəsi Şirvan milli parkın ərazisindəki muzeydə saxlanılır.

Neftçalanın indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub “neftli çala” mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qulluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilirmiş. Tarixi mənbələrdə Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib.

Lakin buranın əvvəllər Xanqışlağı adlandırılması isə keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır. Rayondaki Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb.Rayon əhalisi bu kəndi hələ də Xanqışlağı olaraq adlandırır.

Şirvan xanlığı (1747–1820) dövründə indiki rayon ərazisi Salyan mahalı tərkibində olub. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. Bu dövrdə isə Neftçala rayonu bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir parçası olur.[7] Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad qəzası 5 pristavlıqdan ibarət olur. Qəzanın rəisi Məhəmməd bəy Süleymanbəyov qəzanı Salyan (şəhər pristavı Hacıyev, köməkçi Xəlil Məmmədov), Xıllı-Boji Promısel (rus. Божий Промысел) kəndi (pristav Haqverdiyev, köməkçi Həsənov) Cavad, Muğan və Beləsuvar sahə pristavlıqlarının vasitəsi ilə idarə edirdi.

Orta əsrlər

Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı vardır. Xarabalıqda həm quruda, həm də dənizdə IX–XI əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Örənqala və Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir. Bəndovanla bərabər ondan təxminən 10–12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və biz hissəsi milli parkın ərazisindəki muzeydə saxlanılır.

Tarixi mənbələrdə Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya azərilərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs “Xaraba şəhər” və ya “Yunan şəhəri” adlandırılan bu şəhərin yerini tapa bilməmişdir. Ancaq bölgənin tarıxini ətraflı araşdırmış Azər Turan “Darülmöminin” kitabında tarixi faktlara, xüsusən Bəzzazın (XIV yüzil) “Səfvətüs Səfa” əsərinə əsaslanaraq, bu şəhərin Kuştaspi adlandırıldığını, Kuştaspinin isə bir müddət Şirvanşahlar dövlətinin paytaxtı olduğunu bildirir. Deyilənlərə görə çox-çox qədimlərdə Kür çayı indiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş.

Professor Gül “Xəzər Atlantidası” adlı məqaləsində (“Azərbaycan gəncləri” qəzeti,19 noyabr 1967-ci il) qeyd edir: “Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında “Şəhri Yunan” adlı bir şəhər də olmuş və o Xəzərin suları altında qalmışdır”. Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəxri (950–1000 ci illər) “Dövlətlərin yolları kitabı”ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375-ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər. XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir. Abbasqulu ağa Bakıxanov 1840-cı ildə bu xarbalıqları tədqiq etmək üçün təşəbbüs göstərmişdir. Bu yerlərdə ilk ciddi axtarış 1958-ci ildə başlanmışdır. Azərbayca EA Coğrafiya İnstitunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədovun fikrincə axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə.Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6–8 km aralı Nord Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Tarix İnstitutunda saxlanılan Örənqala, Qədim Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstitutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX–XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. Heç şübhəsiz neçə-neçə əsrlərdən bəri haqqında söhbət gedən “Xaraba şəhərin” yerinin ciddi tədqiq olunması Azərbaycan orta əsrlər tarixinin xeyli zənginləşməsinə kömək edə biləcək materiallar verəcəkdir.

1918-ci il hadisələri

1918-ci il aprel ayının 21-də isə Cavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu.Məşədi Əzizbəyovun rəhbərliyi Bakıdan Salyana 240 nəfərlik hərbi dəstə, az sonra, aprelin 23-də isə bura Korqanovun göstərişi ilə Lənkərandan 200 nəfər döyüşçü və bir hərb gəmisi olmaqla başqa bir heyət göndərildi. Rəşid Axundovun təşkilatçılığı ilə Salyanda Qızıl Qvardiya yaradıldı. 1918-ci il 12 mayında Cavad qəzasının Xıllı kəndində Bakı Fəhlə, Qızıl Əsgər və matros deputatları Soveti İcraiyyə Komitəsinin komissarı Rəşid Cabbarovun sədrliyi ilə kəndli deputatların qurultayı keçirilmişdi. Rəşid Cabbarovun sədrlik etdiyi həmin qurultaya Nəcəfqulu Ağayevlə Ağəli Əliyev katib seçilmişdilər. “İzvestiya Bakinskoqo Soveta” 13 iyun 1918-ci il tarixli sayında bu barədə ətraflı məlumat vardır. Hələ iyun ayında da erməni-rus hərbi birləşmələri bura 2000 nəfərlik hərbi qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisi ilə yeridilmişdi. Hələ üstəlik yerli yad və bədməzhəb əhali arasında əlavə səfərbərlik həyata keçirilmiş, bu hesaba da əsgəri qüvvənin sayı 6000 nəfərə çatdırılmışdı. Ordunun tərkibi 200 nəfər gəlmə rusdan, 300 nəfər iranlıdan (tarixi mənbələrdə onlar iranlı, xalqın yaddaşında şahsevənlər, türk mənbələrində isə əcəmlər olaraq bildirilir), 1500 nəfər ermənidən, qalan 4000 nəfər isə yerli ruslardan (ruslar, əsasən malokanlardır-XIX əsrin sonu, XX əsrin əvvəllərində Neftçalada çar ordusunun böyük bir korpusu yerləşdirilmişdi) və yerli hümmətçilərdən ibarət təşkil olunmuşdu. Xəzər dənizindən Kür çayı vasitəsi ilə Azərbaycanın içərilərinə doğru irəliləməklə daşnak-bolşeviklər strateji mənafelərdən çıxış edirdilər. Bir tərəfdən Yevlax körpüsünün məhv edilməsi, bununla da Gəncə ilə Bakının arasındakı əlaqələrin kəsilməsi, digər tərəfdən isə Muğanın bol taxıl ehtiyatına yiyələnməklə daşnak-bolşevik qvardiyasını çörəklə təmin etmək, Bakı komissarları Sovetinin-Şaumyanın, qeyd etdiyimiz kimi, hərbi-strateji məqsədi bu idi. İlk döyüşlər Salyan ətrafında – Qaraqaşlıda baş vermişdi. Qaraqaşlı Xəzərdən Kürboyu Salyana qədər sonuncu məntəqədir. Bunu hesaba alsaq, onda faciənin miqyası, törədilmiş genosidin əhatə dairəsi bizi xeyli sarsıdacaqdır. Kür çayına daxil planı erməni hərbi birləşmələri Bankə – Seyidlər – Uzunbabalı – Tatarməhlə – Xıllı – Abasallı – Qaralı–Qəzvinli – Qarabucaq – Surra – Ərəbbəbirxanlı – Cəngən – Qaraqaşlıya qədər hərəkət etmişdilər. Silahlı erməninin silahsız azərbaycanlı ilə təkbətək qaldığı ərazilərin adları bunlardır. 1918-ci ilin 27–28 iyununda isə Surra ilə Qarabucaq arasında çox şiddətli döyüşlər baş vermişdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin bu döyüşdə türk-azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur olmuşdu. Həm də ki, bu dövüşdə erməniləri Kür çayından hərbi gəmilər müşayiət edirdi. Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi: bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bilmişdilər. Türk-Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki vermişdi.

Sovet dövrü

Neftçala rayonu Azərbaycan SSR-də inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. 24 yanvar 1939-cu ildən bir il müddətinə Xıllı rayonunun tərkibində, o vaxta kimi isə Salyan rayonunun tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş, kənd inzibati əraziləri isə Xıllı rayonuna tabe edilmişdi. Xıllı rayonu 1959-cu il sentyabrın 24-də ləğv edilərək Neftçala rayonunun ərazisinə qatılmışdır[15]. 1959-cu ilin dekabrında[15] isə Neftçala rayonu da ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir. 1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası təşkil edilmiş, lakin belə qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilərək yenidən Salyan rayonunun tərkibinə daxil edilmişdir. 1973-cü il aprelin 27-də edilən növbəti dəyişiklikdən sonra bir daha müstəqil rayon statusu almışdır.

Coğrafiya

Relyef və geologiya

Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir. Rayon 390531, 390331 şimal enlikləri ilə 480361, 490271 şərq uzunluqlar arasında yerləşir. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə cənubdan Qızılağac dövlət təbiət qoruğu həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur.

Rayon ərazisinin səthi düzənlikdir. Cənub-şərqi Şirvan və Salyan düzü, qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisi dəniz səviyyəsindən aşağıda olduğu üçün Xəzər dənizinin səviyyəsinin qalxması və azalması rayona birbaşa təsir göstərir. Rayon ərazisində yerləşən Kür Dili bəzən su səviyyəsi yuxarı qalxdıqda adaya, düşdükdə isə yarımadaya çevrilir. Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Xəzər dənizində isə Neftçala rayonu sahilinə yaxın Kür daşı adası var. Bu ada palçıq vulkanları nəticəsində formalaşmışdır.

Palçıq vulkanlarının təsnifatındakı Bakı arxipelaqı vilayəti Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada və ya sualtı saylardan ibarətdir. Neftçala sahillərində də bir çox sualtı saylar mövcuddur. Bunlar Borisov, Kalmıçkov, Karagedov, Kornilov–Pavlov, Kür, Poqorelaya Plita rifi, Qolovaçev sualtı saylardan ibarətdir. Xəzər dənizində su səviyyəsi aşağı olduğu vaxtlar bu saylar adaya çevrilir.

Babazənən və Durovdağ yüksəkliyi arasında Salyan rayonuyla olan sərhəddə duzlu göl olan Duzdağ gölü var.

Neftçala rayonu şimalda Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuşdur.

İqlim

Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda təqribən 3 °S, iyulda 25–36°S-dir. İllik düşən yağıntının miqdarı 300 mm-dir. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır.

Geoloji quruluşu

Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Duz- dağ gölü vardır.

Landşaftları və bioloji müxtəlifliyi

Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl tiplidir. Yarımsəhra çöl və şoran, boz-çəmən, karbonatlı allüvial-çəmən və çəmən torpaqlar geniş yayılmışdır. Ərazinin dora və faunası Salyan rayonu ilə demək olar ki. eynidir. Şirvan Milli Parkı və Şirvan Dövlət Təbiət Qoruğunun bir hissəsi Neftçala rayonu ərazisinə düşür. Ərazidə Bakı gəvəni, itikənarlı süsən, şişkin vələmir, şober şorgiləsi, aralıqdənizi tısbağası, ceyran, turac kimi nadir və nəsli kəsilməkdə olan bitki və heyvanlar yaşayır.Neftçala rayonu Qırlıq gölü palçıq vulkanı.

Geoloji təbiət abidələri

Ərazinin on gözəl geoloji təbiət abidələri buradakı palçıq vulkanları və Kür çayının Xəzərlə qovuşduğu sahəsi — Kürün deltasıdır. Palçıq vulkanları aşağıdakılardır:

  • Duzdağ palçıq vulkanı — Xıllı kəndinin cənubunda yerləşir və Kürün sağ sahilindəki ən hündür yüksəklikdir (18 metr (59 ft));
  • Qolovaçev palçıq vulkanı— Kür çayının deltasından cənub-şərqdə yerləşən sualtı palçıq vulkanıdır.
  • Oblivnoy adası palçıq vulkanı — Bondovan burnundan cənub-şərqdə və Svinoy adasından cənub-qərbdə yerləşir. Ada palçıq vulkanı konusunun qalığıdır.
  • Kür Daşı adası — Bondovan burnundan cənub-şərqdə yerləşir. Ada palçıq vulkanı mənşəlidir. Adanın uzunluğu 308 m, eni isə 252 m-dir.
  • Komilov-Pavlov sayı palçıq vulkanı — Bondovan burnundan cənub şərqdə yerləşir. Say qərbdən şərqə uzanmış üçbucaq şəkilli kəsik konus formasında sualtı palçıq vulkanıdır.

Təbiəti

Bala Kür

Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı, Muğan-Salyan kollektoru rayonun ərazisindən keçir. Boz-çəmən, karbonatlı allüvial-çəmən və çəmən bataqlıq torpaqları var. Şoranlıqlara rast gəlinir. Bitki örtüyü səhra və yarımsəhra tiplidir. Tuqay meşələri var.Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Zəngin flora və faunaya malik olan Qızılağac dövlət təbiət qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir. Rayonun ərazisində çöldonuzu, Kiçik Asiya qum siçanı, qırmızıquyruq qum siçanı, dovdaq, bəzgək, suilanı, tısbağa, gürzə, çaqqal, canavar, ceyran, çöl pişiyi, dovşan, porsuq, tülkü və s. heyvanlara rast gəlinir. Nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri rayon ərazisində bitir. Şirvan milli parkının 1325 hektar sahəsi rayon ərazisində yerləşir. Kür çayının delta ərazisində su-bataqlıq quşlarının və digər qeyritərzli fauna növlərinin yaşayış arialı mövcuddur. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə Kür çayının suyunun dənizin suyundan ideal düz xətt boyunca ayrılması kimi qeyri-adi mənzərə müşahidə olunur. Rayon ərazisi hesab olunan Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.

2020-ci ilin yayında Kür çayının səviyyəsi enməyinin nəticəsində Xəzərdən su çayın yatağına axıb, onu şorlaşdırıb. Nəticədə, Neftçala rayonun Kürün qırağındaki 20-yə yaxındə kəndində əhali artezian quyularda su almağa məcbur qaldı. Yerli heyvandarlar heyvanların şor sudan öldüyündən xəbər verir. AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bunu pambıqçılıqnan əlaqəndirir.

Əhali

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Rayon əhalisinin sayı 88846nəfər, əhalinin orta sıxlığı isə 1 km²-də 55 nəfərdir. Əhalinin 47,8 %-i şəhərdə, 52,2 %-i kəndlərdə yaşayır. Rayon əhalisinin 48,8 faizi kişi, 51,2 faizi qadınlardır.

Əhalinin illərə görə sayı

İl19791989199920092019
Şəhər əhalisi2240025300323003790041264
Kənd əhalisi3100034800392004170047582
Ümumi əhali5340060100715007960088846
Hesablama növüRəsmi siyahıyaalınmaRəsmi siyahıyaalınmaRəsmi siyahıyaalınmaRəsmi siyahıyaalınmaStatistik məlumat

Bələdiyyələr

Bələdiyyələrin bəziləri ləğv edilərək digərləri ilə birləşdirilmişdir (Ləğv edilən bələdiyyələr:Kürkənd və Bankə bələdiyyələri).

#Bələdiyyələrin adıBələdiyyələr üzrə
əhalinin sayı
Tərkibi
1Neftçala bələdiyyəsi32407Neftçala şəhəri, Kürkənd, Bankə
2Həsənabad bələdiyyəsi6926Həsənabad qəsəbəsi
3Aşağı Surra bələdiyyəsi5595Aşağı Surra kəndi
4Xol Qarabucaq bələdiyyəsi4631Dördlər, Xol Qarabucaq, Xoltəzəkənd
5Xıllı bələdiyyəsi4401Xıllı qəsəbəsi
6Xol Qaraqaşlı bələdiyyəsi3441Xol Qaraqaşlı, Mürsəqulu
7Yuxarı Qaramanlı bələdiyyəsi3265İkinci Qaralı, Pirəbbə, Yuxarı Qaramanlı
8Boyat bələdiyyəsi3137Boyat, Ballıcalı, Dördlər
9Qaraqaşlı bələdiyyəsi4113Beştalı, Bala Surra, Cəngan, Ərəbqardaşbəyli, Qaraqaşlı və Şorkənd
10Qırmızıkənd bələdiyyəsi2783Qırmızıkənd
11Qədimkənd bələdiyyəsi4290Birinci Qaralı,Kür Qarabucaq kəndi, Qədimkənd
12Qaçaqkənd bələdiyyəsi2543Xanməmmədli, Qaçaqkənd, Qazaxbərəsi və Ramazanlı
13Aşağı Qaramanlı bələdiyyəsi3684Aşağı Qaramanlı kəndi, Astanlı kəndi
14Xəzər bələdiyyəsi1449Xəzər kəndi
15Tatarməhlə bələdiyyəsi1966Abasalılı,Mirzəqurbanlı, Tatarməhlə və Uzunbabalı
16Yenikənd bələdiyyəsi28071 №-li Mayak, Qırmızı Şəfəq, Sülh, Sübh, Şirvanlı kəndi və Yenikənd
17Yeniqışlaq bələdiyyəsi1408Yeniqışlaq, Haqverdilər, Mikayıllı, Dalğalı, Kürdili,
Qızqayıtdı, Sahiloba, Sarıqamış
Cəmi88846

İqtisadiyyat

Neftçala rayonu Aran iqtisadi rayonuna daxil olan 18 rayondan biridir. Neftçala neft, qaz və balıqçılıqla tanınır. Lakin rayonun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, yemçilik və heyvandarlıq təşkil edir. 1996-ci ilə qədər rayonda 16 kolxoz fəalyyət göstərmişdir. Kolxozların torpaq fondu 94320 ha təşkil edirdi. Bunun 6764 hektarı dövlət fondunda saxlanılmış, 46560 hektarı yerli bələdiyyələrə, 1418 hektarı özəl təsərrüfatlara verılmışdır. 39578 hektar torpaq isə kənd əhalisinin mülkiyyyətindədir. Hazırda rayonda 8134 fermer təsərrüfatı fəaliyyət göstərir. 2000–2009-cu illər arasında kənd təsərrüfatı bitkilərinin əkin sahəsi üzrə azalma müşahidə olunsa da, bir çox əsas bitkiçilik məhsullarının istehsalında artım müşahidə olunmuşdur.

2009-cu ilin göstəricilərinə görə rayonda sənaye sahəsində 23 müəssisə fəaliyyət göstərir. Sənaye məhsulunun həcmində qeyri- dövlət sektorunun xüsusi çəkisi 87.8 faizi təşkil edir.Sənaye sahəsində əsasən mədənçıxarma, xam pambığın emalı, tikinti üçün kərpic istehsalı, qazın təchizatı və bölüşdürülməsi, qeyri məhsullarının istehsalı başlıca yer tutur. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom zavodu, konserv və balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir. 2006-cı ilin göstəricilərinə görə rayonda 17 sanəye müəssisəsi fəaliyyət göstərir. Rayonda texniki yod istehsal edən “Azər-Yod” MMC, xam pambığın istehsalı üzrə fəaliyyət göstərən “Leqno-Neftçala” MMC, kərpic istehsal edən “Xəzər” MMC, balıq ovu ilə məşğul olan “Neftçala Balıq” ASC, sərnişin və yük daşıma fəaliyyəti ilə “Neftçala-Avtonəqliyyat” ASC, quş və yumurta istehsal edən “Qaraqaşlı-broyler” ASC, əmtəəlik balıq istehsalı ilə məşğul olan “Oriyat-balıq” ASC fəaliyyət göstərir. Rayonun ərazisində neftlə yanaşı, qaz, yod, brom, müalicəvi əhəmiyyətli yodlu-bromlu sular, xörək duzu kimi faydalı qazıntılar mövcuddur.

2018-ci ildə rayonun sənaye müəssisələrində istehsal olunmuş əsas məhsul növləri

Məhsul növləri2018-ci ildə istehsal edilmişdir2017-ci ildə istehsal edilmişdir2018-ci il 2017-ci ilə nisbətən (faizlə)01.01.2019-cu ilə hazır məhsulun qalığı
Xam neft (min ton)33,833,1102,11,0
Təbii qaz (milyon kub metr)1,21,1109,1x
Yod (ton)185,1198,593,217,0
Avtomobil istehsalı (ədəd)712
Bərk polietilen borular, boruсuqlar (ton)9,3
Heyvan yemi kimi istifadə edilən sair məhsullar (ton)101,1

Neft

Mənbələrə görə Neftçala ərazisində neft hələ qədim zamanlardan məlumdur. Belə ki, ərəb coğrafiyaşünası Əl-İstəxrinin 930-cu ildə yazdığı “Yollar və ölkələr kitabı” (ərəb. كتاب المسالك والممالك‎‎, Kitāb al-Masālik wa’l-Mamālik) əsərində Bakı ilə yanaşı, Muğanda da neft mənbələrinin olduğunu qeyd etmişdi. Mənbələrə görə o zamanlar bu ərazilərdə yaşayan sakinlər qara maye sandıqları nefti Allahın möcüzəsi hesab edirdilər. Və insanlar ondan yalnız müalicə, daha sonralar isə evləri işıqlandırmaq və yanacaq məqsədilə istifadə etmişlər. Faydalı qazıntı kimi neftə maraq bu ərazidə XIX əsrin 40-cı illərinə təsadüf edir. Akademik Q.V.Abixin 1849-cu ildə Neftçalanın Babazanan yüksəkliyində yerüstü neft-qaz əlamətlərinin və hidrogen sulfidli isti su bulaqlarını öyrənmiş, 1859-cu ildə II dəfə Küryani düzənlikdə və Neftçala yatağında geoloji tədqiqat işləri aparmışdır. 1861-ci ildə həmin ərazilərdə və Xəzər dənizində Kumani adasının əmələ gəlməsi ilə əlaqədar III dəfə tədqiqat işlərini davam etdirmiş və 1863-cü ildə isə tədqiqatlarını “Xəzər dənizində adalar əmələ gəlməsi və Xəzər vilayətində palçıq vulkanları haqqında məlumatlar” adlı əsərində toplayıb çap etdirmişdir. Bundan sonra 1890-cı ildən 1901-ci ilə kimi Qafqaz Dağ-Mədən idarəsinin geoloqlarından A.İ.Sarokin, A.İ.Konşin (“Xəzər sahilinin cənub hissəsindəki mineral bulaqları və neftli sahələrin öyrənilməsi”(1890)), Barbot-de-Marni (“Xəzər sahili neft yataqlarının müqayisəli oçerki”(1892)), B.Müller (“Qafqaz vilayətinin faydalı qazıntıları haqqında”(1890)), N.O.Lebedev və başqaları Küryanı ərazilərdə geoloji tədqiqat işləri aparmışlar. Burada XX əsrin əvvəllərində neft sənayesi sahibkarlarından Nobel, Bekkendorf, Putilov və bir çox kapitalistlərin sərmayə qoyduqları neft quyuları qazılmışdı. İlk neft quyusu isə Neftçalada 1872-ci ildə qazılmışdı. Lakin daha ardıcıl və səmərəli neft axtarışı və neft hasilatına olan maraq daha çox sovet hakimiyyəti illərinə təsadüf edir. Belə ki, 1926-cı ildə 1 №-li kəşfiyyat quyusu sənaye əhəmiyyətli neft vermişdir. Beləliklə də bu ərazilərə diqqət və maraq, məhz “qara qızıl” sayılan bu sərvətin mövcudluğu Neftçalanın bir şəhər kimi yaranmasına və formalaşmasına xüsusi təkan vermişdir. Deyilənlərə görə 1923-cü ildə böyük kimyaçı alim Qubkin Neftçala ərazisində geoloji kəşfiyyat işləri apararkən, o vaxt boş, şoran torpaqları göstərmiş və ayaq basdığınız bu yerlərin hər qarışının altı qızıldır, böyük sərvətdir demişdir. O vaxt aparılan kəşfiyyatlar nəticəsində az dərinlikdən belə neft yataqları tapılmışdır. 1937-ci ildə geniş axtarış–kəşfiyyat işləri neft yatağının kəşfi ilə nəticələndi. Beləliklə, Neftçalada “Neftçalaneft” NQÇİ yaradıldı. 1963–1992-ci illərə qədər bu müəssisə bir neçə dəfə Salyanneftlə birləşdirilib ayrılıb. Neftçala yatağından əsasən, parafinsiz, qatransız, yüngül fraksiyanın çoxluğu ilə fərqlənən yüksək keyfiyyətli neft alınır. Neftçala şəhərində həftədə bir neçə tankerin nefti doldurub aparmaq üçün istifadə etdiyi neftdoldurma körpüsü yerləşir.

Quruda

  • Neftçala yatağı
  • Xıllı yatağı
  • Durovdağ-Babazanan yatağı

Dənizdə

  • Atəşgah
  • Yanan tava
  • Muğan-dəniz
  • İnam

“İnam” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda Lənkəran-Neftçala zonasında yerləşir. “İnam” yatağında İNX-2 kəşfiyyat quyusu istifadədədir. İNX-2 quyusunun layihə dərinliyi 5300 metr, suyun dərinliyi isə 186 metrdir. Qazmadan sonra və gələcəkdə “İnam” yatağında müqavilə sahəsi boyunca ekoloji vəziyyətə dair aparılacaq tədqiqatlar “BP-Azerbaijan” şirkətinin Kompleks Ekoloji Monitorinq Proqramının bir hissəsi olaraq həyata keçiriləcək. Qazma quyusunun ətrafında məcburi 500 metrlik qadağa zonası yaradılacaq. Layihədə “BP” (25%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (50%), Koreya Dövlət Neft Şirkəti (20%) və “Shell” (5%) şirkəti iştirak edir. İlk kəşfiyyat quyusu (İNX-1) 2000-ci ilin dekabr ayında strukturun Cənub sektorunda qazılıb. Lakin kollektorda təzyiqin gözlənilməz dərəcədə yüksək olması səbəbindən qazma işləri 4500 metrlik dərinliyində dayandırılıb, bu da İNX-2 quyusunun qazılması planının hazırlanmasına imkan yaradıb.

Yod istehsalı

Sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynamışdır. Hal-hazırda respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan və Neftçala) ikisi Xıllı və Neftçala yataqları istismar olunur. 2007-ci ildən fəaliyyət göstərən “Azəryod” MMC rayondakı iki yataqda Xıllı və Neftçala yataqlarında ümumilikdə 70 yataqda istismar işləri aparır. Bu yataqlardan Xıllı yatağı üzrə 13000 m3/gün, Neftçala yatağı üzrə 4800 m3/gün yodlu su istehsal olunur. Hasil olunmuş yodlu sular əvvəlcə borularla çənlərə, daha sonra kollektor xətti ilə “Azəryod” MMC-nin istehsal zavoduna daşınır və burada 99,5 %-lik texniki yod istehsal olunur. “Azəryod” MMC-də hal-hazırda 194 nəfər rayon sakini işlə təmin olunmuşdur. Azəryod MMC 2017-ci ildə 198,5 ton, 2018-ci ildə 185 ton, 2019-cu ildə isə 190,3 ton texniki yod istehsal etmişdir.

Sənaye əhəmiyyətli sular

Sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynamışdır. Respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan və Neftçala) ümumi sənaye ehtiyatları – 229,5 min m³/gün təşkil edir, o cümlədən Xıllı yatağı üzrə 47,7 min m³/gün, Babazənən – 50,1 min m³/gün, Mişovdağ – 28,5 min m³/gün, Binə-Hövsan – 51,2 min m³/gün, Neftçala – 52 min m³/gün. Binə-Hövsan və Neftçala yataqları 1995-ci ilə qədər istismar edilmişdir. Bu yataqların lay sularının tərkibində 40 mq/l-ə qədər yod, 60–80 mq/l-ə qədər brom və digər kimyəvi komponentlər vardır. Təkcə yeni Neftçala zavodunda ildə 800 t yod, 3000 t brom alınması nəzərdə tutulmuşdur. Yod güclü radiasiyaya məruz qalmış insanları müalicə etmək üçün ən təsirli vasitələrədən biridir. Çernobıl qəzasında 10 minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri ilə şəfa tapmışdır. Son illərə qədər Binə-Hövsan yatağının bazasında fəaliyyət göstərən Bakı yod zavodunda texniki yod, kalium-yod (ağ yod) və kristallik yod istehsal olunmuşdur.

Balıqçılıq və balıq artırılması

Kənd Təsərrüfatı Nazirliyinin 1 yanvar 2011-ci il tarixli məlumatına əsasən Neftçala rayonunda balıq yetişdirmək üçün 25 nohur və göl vardır. Göl və nohurların sahəsi cəmi 1880 hektardır. Sahələrin 1265 hektarı “Neftçala Balıq Əmtəə” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşir.

XIX əsrin əvvəllərində indiki Tataraməhlə kəndi ərazisində o zamanın sənədlərinə görə “Boji promısel” (rus. Божий Промыселazərb. Allah mədəni‎) kimi təqdim olunan məşhur balıqçılıq müəssisəsi vardı. Tacirlər burda duzlanmış balığı və emal olunmuş kürünü Kürdən Xəzərə hərəkət edən gəmilər vasitəsilə daşıyırdılar. Bu müəssisə Həştərxandan gəlmiş hindistanlı Sobra Maqundas tərəfindən 10 il müddətinə icarəyə götürülmüşdü. Burda qulluqçular üçün tikilmiş binalar, xəstəxana, balıqçılıq ləvazimatları satılan mağaza və s. dən ibarət olan şəhərcik var idi. 1826–27 ci illərdə İrandan edilən basqınlar zamanı vətəgə dağıdıldı və Sobra Maqundas bu işdən əl çəkdi. Ötən əsrin ilk onilliyinin ortalarında vətəgədə dəhşətli yanğın baş verdi və nəticədə bütün vətəgələr öz inzibati idarə, yaşayış sahələri ilə birlikdə Bankə qəsəbəsinə köçürüldü. “Boji promısel” 1841-ci ildə öz iqtisadi funksiyasını Bankə Balıq Kombinatına verdi.

Beləliklə, Bankədə balıqçılıq sənayesinin vüsəti “Boji Promıselin” tənəzzülündən sonra başlayır. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev Bankə vətəgələrini icarəyə götürmüşdü. Böyük Vətən müharibəsindən əvvəl və sonra rayonda 4 balıqçılıq kolxozu olub: Kürkosada “Volna”, Prorvada Kalinin, Z.O. Qoltuqda “Stalin”, N.O.Qoltuqda “Beriya” adına kolxozları.

Keçmiş Sovetlər məkanında nərə cinsli balıqların süni artırılması üzrə ilk zavod Neftçala rayonunun Bankə qəsəbəsi yaxınlığında tikilib istifadəyə verilmişdir. Nərə cinsli balıqların süni yolla artırılmasının biotexnologiyası və biotexniki normativləri alimlər tərəfindən məhz bu zavodda hazırlanmış və sonralar digər Xəzəryanı ölkələrdə (Rusiya, Qazaxıstan, İran) inşa edilmiş analojı zavodlarda tətbiq edilmişdir.. Azərbaycanda ümumilikdə 4 nərə balıq artırma zavodu var. Onlardan 3-ü Neftçalada, biri isə Şirvan şəhərində yerləşir. Rayonda əsasən nərə cinsli balıqlarının artırılması ilə məşğul olan 3 zavod – Xıllı nərə balıqartırma zavodu, Kür ağzı nərəbalıq yetışdirmə zavodu və Kür təcrübə Nərə balıqartırma zavodu fəaliyyət göstərir. Təkcə 2008-ci iin birinci yarımilində bu zavodlar tərəfindən 12 milyon ədəd nərə cinsli balıq körpələri yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.

Xıllı Nərə Balıqartırma zavodu

Zavodda ümumilikdə dörd sex fəaliyyət göstərir. Bunlar inkubasiya sexi, dairəvi hovuzlar, süni və canlı yem tədarük etmə və bir də elektro sexlərdir. Zavodda bir il ərzində 15 milyon ədəd balıq körpəsi ərsəyə gətirilir. Zavodda hazırda dörd nərə cinsli balıq yetişdirilir. Bunlar “Bölgə”, “Şip”, “Uzunburun” və “Nərə” növləridir. Zavodda 150–200 qramdan başlamış 10 kiloqrama qədər çəkisi olan balıq yetişdirilir. Balıqlar Kür çayından sudurulducu qurğular vasitəsilə əldə olunan sularda yetişdirilir. 2003-cü ildə fəaliyyətə başlayan zavoddan ilk dəfə 2004-cü ildə dənizə balıq buraxılıb. Altı il ərzində Xəzər dənizinə 41 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb. Onlardan bir 1 milyon 500 min ədədi 2010-cu ilin payına düşür. Zavodun əsas tərəfdaşları “Caspian Fish” və “Xəzərbalıq” MMC balıqovlama şirkətləridir.

Rayonda Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası üçün “Seymur Qəzənfəroğlu Kərimov adına Təcrübi Nərə Balıqartırma Zavodu” (Bankə qəsəbəsi) və “C. Cavadov adına Nərə Balıqartırma Zavodu” (2-ci mayak qəsəbəsi) fəaliyyət göstərir.

CITES-ın (the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – “Xəzərbalıq”, “Lənkəran Balıq Kombinatı” və “Neftçala Balıq Kombinati” məşğul olur. Sonuncu iki şirkət “Caspian Fish Co. Azerbaijan”ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ “Caspian Fish Co. Azerbaijan”a məxsusdur.

Böyük müəssisələr

Yod-Brom Zavodu

1927-ci ildə 5 saylı quyu 50 metr dərinlikdən neftlə birlikdə duzlu su fontan vurdu. Analiz aparılarkən bu suyun tərkibində yod olduğu aşkar oldu. Bundan sonra bu ərazilərdə zəngin yod ehtiyatı aşkarlandı. Həmin illərdə quyular şəklində ilkin yod zavodu tikildi. 1931-ci il aprelin 28-də ilk məhsul 1500 kq Neftçala yodu Bakıya göndərildi, ordan da Moskvaya daşındı. 1932-ci il mayın 1-də “1 May” adına Yod zavodu əvvəllər 26 Bakı Komissarı adına qəsəbədə – indiki Mirqurbanlı kəndində tikilib istifadəyə verilmişdi. 1950–1955-ci illərdə Xəzər dənizi sahilində yeni yataqlar yodlu-bromlu su yataqları kəşf olundu. Sonradan 1984-cü ildə Xəzər sahilində əvvəlkindən 4 dəfə güclü yeni Yod-Brom zavodu tikilib istifadəyə verildi. Sovetlər İttifaqının dağılmasından sonra məlum iqtisadi, siyasi problemlər üzündən bu zavod da iflic vəziyyətə düşdü və yalnız 2004-cü ildən burada həmin baza əsasında tikinti-quraşdırma işləri aparıldı, 2007-ci ildə Azər-Yod MMC rəsmi şəkildə fəaliyyətə başladı. Burada istehsal olunan texniki yod, kristal yod və dəmir bromid duzu Azərbaycanda və xarici bazarda uğur qazanmışdır.

“Dizayn Glass” şüşə emalı zavodu

“Dizayn Glass” MMC – şüşə emalı zavodu “AzəriYod” Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində fəaliyyətə başlayıb. Ərazisi 4 min kv. metr olan zavodda İtaliya, Macarıstan və Çin istehsalı olan, şüşə məmulatları üzərində ən çətin əməliyyatları yerinə yetirən universal avadanlıq quraşdırılıb. Müəssisədə sifarişlər əsasında yüksək keyfiyyətlə şüşələrin kəsilməsi, rənglənməsi, hermetik 2 və ya 3 qat paketlənmə, xüsusi termik emaldan sonra zərbəyə davamlı və ümumilikdə 50-yə qədər emal əməliyyatının aparılması nəzərdə tutulur. İlkin mərhələdə zavodda əsasən yüksək temperatur altında cilalanmaqla, müxtəlif rənglərdə, sınmaya davamlı, yastı fasad şüşələri hazırlanacaq. Müəssisədə ay ərzində 18 min kv. metrdən çox şüşə emal ediləcək.

Digər müəssisələr

  • Neftçala Balıq Kombinatı ASC

Hacı Zeynalabdin Tağıyev adına balıq kombinatı hərraca çıxarılaraq Caspian Fish Co. şirkətinə satılmışdır. Bundan sonra müəssisənin adı Neftçala Balıq olaraq adlandırılmışdır.

  • Xəzərbalıq MMC
  • Neftçala-Pambıq ASC
  • Neftçala balıq-əmtəə

Tikinti

2018-ci ildə rayonun tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin strukturu

2018-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 89745,7 min manat vəsait yönəldilmiş, onun 60668,8 min manatı və ya 67,6 faizi dövlət sektoruna, 29076,9 min manatı və ya 32,4 faizi isə qeyri-dövlət sektoruna yönəldilmişdir. 2017-ci ilə nisbətən rayonda əsas kapitala investisiya qoyuluşu 4408,5 min manat və ya 4,7 faiz azalmışdır. 2014-cü illə müqayisdə isə əsaslı kapitala yönəldilmiş investisiya həcmi 2,7 dəfə artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitlərin 87708,4 min manatı və ya 97,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2017-ci illə müqayisədə tikinti-quraşdırma işləri 11616,1 min manat və ya 15,3 faiz, 2014-cü ilə nisbətən isə 2,7 dəfə artmışdır. 2018-ci ildə 58802,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Hesabat dövründə rayon əhalisinin şəxsi vəsaiti hesabına 3687,0 kv.metr sahəyə malik 640,1 min manat dəyərində 34 fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki ilə nisbətən 30,6 faiz azdır.

2018-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 48,9 faizini əsaslı təmir, 51,1 faizini isə cari təmir işləri təşkil etmişdir.Ümumi tikinti işlərinin 49,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişdir.

2018-ci ildə fəaliyyət göstərən 5 tikinti müəssisələrində işçilərin orta siyahı sayı 157 nəfər olmuş, onların orta aylıq nominal əmək haqqı 290,0 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox olmuşdur.

Nəqliyyat

Rayon daxilində Respublika əhəmiyyətli 40 km uzunluğunda III dərəcəli R-46 Salyan-Neftçala, 60 km uzunluğunda Neftçala-Xol Qaraqaşlı-Şorsulu, yerli əhəmiyyətli 54 km uzunluğunda IV dərəcəli Salyan-Bankə-Neftçala və 155 km uzunluğunda yerli əhəmiyyətli yollar var. Rayon mərkəzindən Bakı şəhərinə şose yolu ilə 176 km-dir. Rayon mərkəzindən Salyan şəhərinə qədər 43 km avtomobil yolu onun Ələt-Astara avtomobil magistralına çıxışını təmin edir. Rayon iqtisadi əlaqələrini avtomobil yolu vasitəsilə həyata keçirir.

Dövlət əhəmiyyətli avtomobil yoluna 39 saylı Yol İstismar İdarəsi baxır. Rayonda Neftçala-Salyan dəmiryol xətti var. Kür çayında nəqliyyat vasitələri hərəkət edir. Çay üzərində Neftçala-Bankə (1980-ci il), Qaralı-Yuxarı Qaramanlı (1992-ci il) yaşayış məntəqələrinin və magistral yollar birləşdirən körpülər var. Rayonda özəl avtovağzal fəaliyyət göstərir. Salyan şəhərindən Neftçala şəhərinə qədər dəmiryolu mövcuddur. Bu istiqamətdə dəmiryolu 1941-ci ildə çəkilmişdir.

XX əsrin əvvəllərindən çay nəqliyyatı mövcud olmuşdur. 1907-ci ildə Kür çayında 10 gəmi üzürdü. Onlar Bakı limanlarına da gəlir, əsasən isə Bakı-Salyan arasında işləyirdi. Digər buxarla işləyən və yelkənli gəmilər daxili yükdaşıma ilə məşğul olur, əsasən neft və taxıl daşıyırdılar.

Kənd təsərrüfatı

Kənd təsərrüfatının ümumi məhsulunun strukturu, min manat

2018-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 101604,5 min manat təşkil etmişdir ki, onunda 53594,7 min manatı heyvandarlıq, 48009,8 min manatı isə bitkiçilik məhsullarının payına düşmüşdür.

2017-ci illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 1,5 faiz, o cümlədən bitkiçilik məhsulları 1,2 faiz, heyvandarlıq məhsulları üzrə isə 1,7 faiz artım əldə olunmuşdur. 2014-cü illə müqayisədə isə kənd təsərrüfatı məhsullarının istehsalında 47,5 faiz artım əldə olunmuşdur.

Təhsil

XX əsrin əvvəllərində insanların maariflənməsi uğrunda mühüm işlər görülmüşdür. Keçmiş inzibati-ərazi bölgüsünə görə Azərbaycan 17 qəzaya bölünürdü. Bu qəzalardan biri də Salyan (Cavad) qəzası idi. Salyan qəzasına daxil olan 6 nahiyənin içərisində yalnız Xıllı nahiyəsində (indiki Neftçala rayonu ərazisində) 1898-ci ildə 2 sinifli ibtidai rus-tatar məktəbi açılmışdır. Burada dərslər rus dilində aparilirdı. Həftədə 1 dəfə azərbaycan dilində şəriət dərsləri keçirilirdi. Bu məktəbdə 40–45 nəfər oxuyurdu. Məktəbdə ilk dərslik “Gülüstan” kitabı olmuşdur. 1916-cı ildə xalqdan toplanan pullar hesabına Xıllıda birmərtəbəli dövlət binası tikildi və köhnə məktəb buraya köçdü. Məktəbdə milliyəti rus olmaqla 2 müəllim işləyirdi. 1917/18-ci tədris ilindən başlayaraq, məktəb ana dilində ibtidai məktəb kimi fəaliyyət göstərməyə başladı. Xıllı məktəbinin direktoru Qori müəllimlər seminariyasını bitirmiş Axundov Əbülhəsən olmuşdu. Axundov Mirzə Əbülhəsən və oğlu Qulam Axundov Muğanda ilk tarix elmləri namizədi olmuşlar.

Rayonda ikinci açılan 1912-ci ildə cəmi 8 otaqdan ibarət ikimərtəbəli məktəb Novo-Vasilyevka kəndində olmuşdur. Məktəbin birinci mərtəbəsi sinif otaqları, ikinci mərtəbəsi isə yaşayış otaqları olmuşdur. 1912–22-ci illərdə məktəb ancaq rus məktəbi kimi fəaliyyət göstərmişdi. Yalnız 1922-ci ildə məktəbə azərbaycanlı uşaqlar da qəbul edilir.

1916-ci ildə Z.O.Qoltuq beşillik rus-tatar məktəbi fəaliyyətə başlayıb. Məktəbin ilk direktoru Mirzə Heydər Qəniyev olub. 1938-ci ilə kimi məktəb beynəlmiləl məktəb kimi fəaliyyət göstərib. 1926–27-ci ildə Xıllıda kiçik aqronom ixtisası verən 3 illik orta məktəb (kəndli-gənclər məktəbi) açdılar. Belə məktəb həmin illərdə respublikada iki yerdə açılmışdı. İkinci məktəb Göyçayda idi. Bu məktəbə qonşu Saatlı, Sabirabad və s. rayonlardan da uşaqlar göndərirdilər. Məktəb pansionat tipli idi. Bu məktəb 1930-cu ilə kimi fəaliyyət göstərmişdir.

1940-cı ilin fevralın 11-də Neftçala rayon kimi yaranandan sonra Xalq maarif şöbəsi yaradılmış və onun inzibati binası Bankə qəsəbəsində yerləşmişdir. Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları tikilib. Bəziləri isə əsaslı təmir olunmuşdur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə 100 şagird yerlik 2 nömrəli Mayak kənd ümumi orta məktəbi, 2008-ci ildə 200 şagird yerlik Kürqarabucaq kənd ümumi orta məktəbləri üçün yeni bina tikilmişdir.2003–2019-cu illərdə rayon ərazisində 22 yeni məktəb binası inşa olunmuş, 3 məktəb və 1 Gimnaziyanın binası əsaslı təmir olunmuş, 4 məktəb üçün əlavə sinif otaqları tikilmişdir. 20 yerlik Yuxarı Qaramanlı kənd, 20 yerlik Sübh kənd və 20 yerlik 1 saylı Mayak kənd Körpələr evi-uşaq bağçası tikilmiş, Neftçala şəhər 2 saylı Körpələr evi-uşaq bağçası isə əsaslı təmir olunmuşdur.

Rayonda 50 ümumtəhsil məktəbi, 1 İnteqrasiya təlimli internat tipli gimnaziya, 16 məktəbəqədər tərbiyə müəssisəsi, 1 peşə məktəbi, 36 kitabxana, Uşaq-Gənclər-Şahmat məktəbi, 1 musiqi məktəbi var.

Neftçalada təhsil rəqəmlərlə:

  • Orta ümumtəhsil məktəbləri – 28
  • Əsas ümumtəhsil məktəbləri – 16
  • İnternat məktəbləri – 1
  • İbtidai ümumtəhsil məktəbləri – 6
  • Peşə məktəbləri – 1
  • Məktəbdənkənar müəssisə – 1
  • Məktəbəqədər tərbiyə müəssisəsi – 16
  • Rayon üzrə sinif komplektlərinin sayı – 593
  • Şagirdlərin sayı – 10359
  • Kitabxanalar – 36

Ədəbi mühit

Neftçaladakı ədəbi mühit vaxtilə inzibati olaraq bir hissəsi olduğu Salyandakı, geniş miqyasda Muğan bölgəsindəki ədəbi inkişafdan təsirlənmişdir. Muğanda yazılı ədəbi örnəklərin yaranması tarixi ən azı XVI–XVII əsrlərə söykənir. Burada XVIII əsrdə Aşıq Vəlican, Nişat Şirvani, XIX əsrdə Qasım Həsənoğlu, Yaqub Ədib, Mirzə Aslanoğlu, Məşədi Əmrah (Salyan), Mirzə Baxış Nadim (Hacıqabul), el şairəsi Ağcaqız (Neftçala) və başqa bu kimi söz ustalarının yazıb-yaratmışdır. Bu zəngin mühit XX əsrdə də yüksələn xətt üzrə inkişaf edib.

Bölgədə dəyərli söz ustalarının, mütəfəkkirlərinin olması Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin yaranmasını zəruriləşdirmişdir. Bölgənin elmi, ədəbi və mədəni potensiala malikliyi burada daima müxtəlif yönümlü qurumların və o cümlədən, ədəbi birliklərin, son illərdə isə daha genişmiqyaslı ədəbi qurumun yaranmasını zəruri etmişdi. Bölmənin mərkəzi kimi Salyanın seçilməsi isə təsadüfi deyildi. Zəngin ədəbi-mədəni kökləri olan Salyanda hələ 1945-ci ildə mərkəzi kitabxananın müdiri işləyən Feyzi Məmmədzadənin rəhbərliyi ilə ədəbi məclis yaranıb. Sonralar Azərbaycan ədəbiyyatında xüsusi yeri və çəkisi olan Xəlil Rza Ulutürk, Ağacavad Əlizadə, Əliağa Kürçaylı, Oqtay Rza kimi şairlər ilk qələm təcrübələrini məhz bu ədəbi məclisdə sınamışdılar.

1971-ci ildə Salyanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilib. Bu mühüm hadisə bölgədə ədəbi mühiti bir qədər də canlandırıb. Həmin ilin fevralında Salyanda nəşr olunan “Qələbə” qəzetinin redaksiyasında “Kürün töhfəsi”, sonralar Neftçalada “Xəzər nəğmələri” ədəbi birlikləri yaranır. “Kürün töhfəsi” ədəbi birliyinə – Neftçalada “Xəzər nəğmələri” ədəbi birliyi yaranana qədər – Soltan Abbas, sonralar Balaş Nuri, Zabil Pərviz və Namiq Hacıheydərli rəhbərlik etmişlər. “Xəzər nəğmələri” ədəbi birliyinə isə yarandığı gündən indiyə qədər Neftçalada yaşayan istedadlı şair Soltan Abbas başçılıq edir. Son illərdə Muğan bölgəsində yaranan ədəbi örnəklərin miqyası və ədəbi mühitin qaynarlığı artıq ədəbi birliklər çərçivəsinə sığmayıb daha genişmiqyaslı qurumun – AYB Muğan bölməsinin yaranmasına səbəb oldu. 2008-ci ilin iyulunda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birinci katibi Fikrət Qoca başqa ziyalılar və qələm adamlarının iştirakı ilə AYB-nin Muğan bölməsinin yaradılması ideyasını gerçəkləşdirdilər. Salyan Rayon İcra Hakimiyyətində AYB Muğan bölməsinin təsis konfransı keçirilmişdir.

Muğan bölgəsi zəngin və ən azı bir neçə əsrlik şifahi xalq yaradıcılığı ənənələrinə də malikdir. Təəssüf ki, bu ərazinin mədəniyyəti, şifahi xalq yaradıcılığı, etnoqrafiyası bu günədək ardıcıl şəkildə araşdırılmamışdır. Burada yaranan xalq yaradıcılığı nümunələrinin bir sıra regional özəllikləri var. Muğan bölməsinin sədri Namiq Hacıheydərli hələ 1997-ci ildən başlayaraq bu bölgədə yaşayan yaşlı nəsildən bayatı nümunələri toplayır. AYB-nin Muğan bölməsi Salyanda fəaliyyət göstərsə də, burada şölələnən ədəbi ocağın nuru Hacıqabul, Şirvan və Neftçalada yaşayan qələm sahiblərinin də yaradıcılıq yolunu işıqlandırmaqdadır.

Mədəniyyət və səhiyyə müəssisələri

Rayonda Xanoğlan Məmmədov adına Neftçala şəhər Mədəniyyət Mərkəzi , Tarix-Diyarşünaslıq muzeyi yerləşir. Rayonda 24 mədəniyyət evi (onlardan 12-si klub), 1 tarix-diyarşünaslıq muzeyi, 1 dövlət rəsm qalereyası,1 Uşaq İncəsənət məktəbi, 1 mərkəzi xəstəxana, kənd və qəsəbə xəstəxanaları, tarixi-memarlıq abidələri, çoxlu sayda məscid var.

Rayonda ümumi 160 çarpayılıq 2 xəstəxana fəaliyyət göstərir. Neftçala Rayon ərazisində 145 çarpayılıq “Neftçala Rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsi,15 çarpayılıq Xol Qaraqaşlı kənd sahə xəstəxanası, digər qəsəbə və kəndlərdə isə həkim və tibb məntəqələri fəaliyyət göstərir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsi əsaslı təmir olunduqdan sonra 24 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

Neftçala rayon ərazisində kütləvi kitabxanalar ötən əsrin ortalarından fəaliyyət göstərir. 1973-cü ildə Neftçala müstəqil rayon kimi yaranandan sonra 1975-ci ildə kütləvi kitabxanaların mərkəzləşməsi haqqında sərəncamdan sonra rayonun bir sıra kəndlərində fəaliyyət göstərən kitabxanalar Xıllı qəsəbə kitabxanası ətrafında mərkəzləşdi. Beləliklə 1977-ci ildə rayon Xıllı qəsəbə kitabxanası mərkəz funksiyasını daşımağa başladı. 1985-ci ildə Neftçala rayon Mərkəzi Kitabxanası 3 mərtəbəli yeni binaya köçürülüb. Bundan sonra Mərkəzləşdirilmiş Kitabxana sisteminin fəaliyyəti 1 mərkəzi kitabxana və 85 filial kitabxananı əhatə etməklə daha da genişlənib. Neftçala rayon MKS-i rayonun kənd və qəsəbələrində olan filial kitabxanalara inzibati və metodiki rəhbərlik edir. Kitabxananın fondunda olan minlərlə kitab rayon oxucularının istifadəsindədir. Hazırda rayonda 1 mərkəzi kitabxana və 35 filial kitabxananı fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ilin avqustun 23-də Neftçala rayonuna gəlmişdir. Heydər Əliyevin adını daşıyan parkın və muzeyin açılışı olmuşdur. Park 2007-ci ilin əvvəlində salınmışdır. Parkın ərazisi 7 min kvadratmetrdir. Parkda Heydər Əliyevin heykəli ucaldılıb. Heykəlin hündürlüyü postamentlə birlikdə 6,4 metrdir. Heydər Əliyev parkının yanında isə daha bir istirahət guşəsi — Neftçilər parkı salınmışdır. Heydər Əliyev muzeyi öz adını daşıyan parkın ərazisində yerləşir. Muzeyin tikintisinə 2006-cı ilin oktyabrında başlanmış və 2007-ci ilin fevralında istifadəyə verilmişdir. Ancaq rəsmi açılışı 23 avqust 2007-ci ildə keçirilmişdir. Muzey bir ekspazisiya zalından, 14 fotostenddən, 10 vitrində ibarətdir. Heydər Əliyevin 1979-cu il mayın 30-da ilk dəfə Neftçalaya gəlişini və burada keçirdiyi görüşləri əks etdirən materiallar iki xüsusi ekspozisiyada nümayiş etdirilir.

Tarixi, mədəniyyət və memarlıq abidələri

Rayonda 34 məscid var. Xıllı qəsəbəsində XIX əsrə aid Fatimeyi-Zəhra məscidi, Bankə qəsəbəsində 1898-ci ildə inşa edilmiş Balıq Kombinatının inzibati binası, XIX əsrə məxsus (Z.O.Qoltuq) kilsə, 1894-cü ilə aid Heydər Almazov türbəsi (şəhər qəbiristanlığında), Bankə qəbiristanlığında 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış monument (2004) tarixi abidələr kimi qorunub saxlanılır. Bundan başqa Neftçala şəhərində 1941–1945-ci il abidə kompleksi (1985-ci il), Xıllı qəsəbəsində naməlum əsgər abidəsi, Bankə qəsəbəsində Ana abidəsi, Aşağı Qaramanlı, Xol Qarabucaq, Tatarməhlə kəndlərində Böyük Vətən müharibəsinə həsr olunmuş abidə kompleksləri, şəhər mərkəzində “20 Yanvar” şəhidləri şərəfinə ucaldılmış abidə (1998), rayon şəhidləri şərəfinə ucaldılmış monumentlər mövcuddur.

  • Məscid (Xıllı qəsəbəsi) – XIX əsr (İnventar nömrəsi: 4934)
  • Kilsə (Züd-Ost Qoltuq)- XIX əsr (İnventar nömrəsi: 4935)
  • Bankə qəsəbəsində Balıq Kombinatının inzibati binası – 1898-ci il (İnventar nömrəsi: 4936)
  • Heydər Almazovun türbəsi (mərkəz qəbiristanlığının ərazisində) – 1894-cü il (Inventar nömrəsi: 4937)
  • Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi (Neftçala şəhəri) – 1998-ci il (Inventar nömrəsi: 5676)
  • Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi (Bankə qəsəbəsi) – 1998-ci il (Inventar nömrəsi: 5677)

Neftçalada şəhid türk zabitlərinin məzarları

Neftçala rayonunun Seyidlər kəndinin eyni adlı qəbristanlığında şəhid türk zabitləri uyuyur. Adları elmə məlum olmasa da şərəflərinə qoyulmuş, üzərində ay-ulduz təsvirli sənduqə (2,13x 1,05 metr) və onun yanındakı yeni inşa olunan kompleks türk qəhrəmanlarının əsl şücaətindən xəbər verir.

Vaxtilə bu türk zabitlərinə heç bir kitabəli məzar daşının qoyulmaması bugünkü epiqrafik tədqiqatın işlərinə mane olur. Lakin sevindirici haldır ki, tədqiqatçı, filoloq Azər Turan Qafqaz İslam ordusunun Neftçaladakı qəhrəmanlıqlarını araşdırmışdır. Tədqiqatçının təbirincə desək bu məzarlar Azərbaycana qarşı qəlblərindəki böyük inamın təkidi və unudulmaz Ənvər Paşanın xeyir-duası ilə gələn türk əsgərlərinin can rahatlığı tapdığı yerlərdir.

Çoxəsrlik tariximizdə zaman-zaman yadelli orduların qarətlərinə məruz alan torpağımız 19-cu əsrin əvvəllərində iki işğalçı dövlət- Rusiya imperiyası və İran dövləti arasında bölüşdürülürdü. Xalqımızın uzun sürən müstəmləkə əsarəti dövrü də o vaxtdan başladı. Hakim ideologiyanın təzyiqi altında xalqımızın milli heysiyyatı təhqir olundu və tarixi saxtalaşdırıldı.[53] 20-ci əsrdə tariximizin qərəzli surətdə təhrif olunmuş hadisələrindən biri də 1918-ci ilin yazında bolşevik və daşnak silahlı dəstələri tərəfindən məqsədyönlü şəkildə Bakıda və qəzalarda dinc əhaliyə qarşı törədilən dəhşətli soyqırımıdır. Bolşevik maskası geymiş, qatı daşnak Stepan Şaumyan ordu quruculuğu işində anti-müsəlman mövqeyində idi. Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsinin müxtəlif bölgələrindən Bakıya minlərlə silahlı erməni əsgərləri gəlmişdi. Elə bu cəhətdəndir ki, Sovet ordusunun rəhbər zabit kadrlarının əksəriyyəti erməni zabitləri idi. Stepan Şaumyan çıxışlarında yaxın vaxtlarda şiddətli döyüşlərin başlanacağına işarə edirdi. Martın ortalarında o, çəkinmədən bildirmişdi ki, Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə çevrilməlidir. O qəsdən müsəlmanların soyqırımını vətəndaş müharibəsi kimi qələmə verir, faciənin əsl mahiyyətini təhrif edirdi. Onun rəhbərliyi ilə Azərbaycanın bir çox şəhər və mahallarında kütləvi qırğınlar törədilmişdi. Bu zaman türk qoşunlarının köməyi, onların torpağımızda qəhrəmancasına döyüşərək şəhid olmuş oğullarının al qanı bahasına xalqımız erməni quldurlarının və yenicə qurulmaqda olan Sovet hökumətinin genosidindən xilas olmuşdu.Qoltuq qəsəbəsindəki kilsə

1918-ci il mart hadisələri zamanı Türkiyənin hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusunun yaradılması barədə əmr verdi. 1918-ci il aprelin 21-də isə Cavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Bundan sonra Salyan və Neftçala ətrafında erməni daşnaklarının və rus bolşeviklərinin törətdiyi qörğına, əsl soyqırımına Qırmızı Qvardiyanın III və V taborları rəhbərlik etdi[55]. Belə ki, Salyandakı III tabora Ter-Avakimov, Neftçaladakı V tabora Danilyan başçılıq edirdi. Görəsən, Kür çayı sahilində nə üçün genosid həyata keçirildi? Azər Turan bu çirkin siyasətin iç üzünü çox gözəl açaraq təhlil etmişdir. Onun fikrincə, Xəzər dənizindən Kür çayı vasitəsi ilə Azərbaycanın içərisinə doğru irəliləməklə daşnak-bolşevik koalisiyası geosiyası hərbi strateji mənafeləri göz altına almaq istəyirdi. Muğanın taxıl ehtiyatına yiyələnməklə daşnak-bolşevik-qırmızı qvardiyasını çörəklə təmin etmək Bakı komissarları sovetinin rəhbəri Stepan Şaumyanın qeyd etdiyimiz kimi hərbi strateji məqsədi olmuşdur.

Mənbələrə əsasən türk-azərbaycanlı hərbi dəstələri Neftçala ərazisindəki bu son döyüşdən 11 nəfər itki və eyni zamanda qələbə ilə çıxdı. Görünür bu soraqsız məzarlarda yatan 11 şəhidin hər birinin adının tarixlərdə yaşadılmaması o vaxtkı hakim imperiyanın xofundan xəbər verir. Elə savaş başa çatdıqdan sonra bir bölüyün saxlanması ilə 1918-ci ilin iyulun sonlarında türk orduları Neftçala ərazisini tərk etmişdir.

Türk ordusunun Qaraqaşlıdakı 40 nəfərlik bölməsinə rəhbərlik edən türk zabiti Ramazan bəyin 5-ci Qafqaz Firqəsi komandanlığına göndərdiyi sənədə əsasən Bankədəki döyüşdə “ikisi milis (Azərbaycanlı könüllü) olmaq üzrə 11 şəhid” verilmişdir. 1918-ci ildə Bankə qəsəbəsi yaxınlığındakı 1-ci Mayak kəndində balıq vətəgəsində fəhlə işləyən Usub Məmmədova görə də “türklər on bir şəhid veriblər”. Seyidlər qəbiristanlığındakı məzarlarda isə 10 nəfərin uyuduğu şəksizdir. Çünki Ramazan bəyin 5-ci Qafqaz Firqəsi komandanlığına verdiyi raportdan da göründüyü kimi həmin 11 nəfərdən ikisi azərbaycanlı könüllülər idi və Əfqan Həziyevin dediyinə görə, o iki nəfərdən birini, 18 yaşı olan şəhidi 1918-ci ildə burda deyil, aparıb öz doğma kəndlərində – Çuxanlıda dəfn ediblərmiş.

Tarixi yaşayış məskənləri

  • ;Xol Qaraqaşlı yaşayış yeri – II-XVII əsrlər (İnventar nömrəsi: 1625)
  • Boyat kəndi – II-XIII əsrlər (İnventar nömrəsi: 1626)
  • II Boyat kəndi – XI-XII əsrlər (İnventar nömrəsi: 1628)
  • Qaravəlli yaşayış yeri – XIII-XV əsrlər (İnventar nömrəsi: 1629)
  • Bankə yaşayış yeri – XII-XIV əsrlər (İnventar nömrəsi: 1630)
  • Ərəbqardaşbəyli yaşayış yeri – VIII-XIV əsrlər (İnventar nömrəsi: 1631)
  • Qaraqaşlı yaşayış yeri – I-XIII əsrlər (İnventar nömrəsi: 1632)
  • Xıllı yaşayış yeri – XII-XVII əsrlər (İnventar nömrəsi: 1633)
  • Xıllı nekropolu – XII-XVII əsrlər (İnventar nömrəsi: 1634)
  • Qaramanlı yaşayı yeri – XI-XII əsrlər (Inventar nömrəsi: 1635)
  • Qaramanlı nekropolu – XI-XII əsrlər (Inventar nömrəsi: 1636)
  • Üst Qoltuq yaşayış yeri – XIV-XVII əsrlər (İnventar nömrəsi: 5972)
  • Kür Qarabucaq kəndi – Orta əsrlər (İnventar nömrəsi: 5973)
  • Kür Qarabucaq qəbiristanlığı – Orta əsrlər (İnventar nömrəsi: 5974)
  • Xol Qarabucaq yaşayış yeri – Orta əsrlər (İnventar nömrəsi: 5975)

Adı dəyişmiş yaşayış məntəqələri

  • Xanqışlağı – Yeniqışlaq
  • Xarabakənd, Krasnoye Selo– Qırmızıkənd
  • Kötüklü – Mikayıllı
  • Kürağzı – Sübh
  • Kürqasa – Kürdili
  • Qaralı-Qəzvinli – Birinci Qaralı
  • Novovasilyevka – Kürkənd
  • Osəqədəm – Tatarməhlə
  • Prorva – Dalğalı
  • Krasnıy Stan – Qırmızı Şəfəq
  • Saratovka – Sahiloba
  • Sovetabad – Həsənabad
  • Jarski (rus. Жарский) – Şirvanlı

Əvvəllər mövcud olmuş yaşayış məntəqələri

  • 26 Bakı Komissarı
  • Böyük Oryad (Köhnə Oryad)
  • Əhverdili
  • İsmilli
  • Xoşçobanlı
  • Qaravəlli
  • Qoltuq (Züd-Ost Qoltuq və Nord-Ost Qoltuq)
  • Mirqurbanlı
  • Musalı

Maraqlı faktlar

  • Azərbaycanda ilk aptek 1850-ci ildə Bankə balıq vətəgəsi xəstəxanasının nəzdində təşkil olunub.
  • 1920-ci ildə yeni Azərbaycan Respublikasının rəhbəri Nəriman Nərimanov ölkəyə ilk səfərini Bankədən başlamışdır.
  • 1928-ci ildə Bankə qəsəbəsində Qadınlar klubu olmuşdur.
  • Kürün Salyan rayonunda ayrılan qolu Bala Kür əvvəllər Xol adlanırmış. Bu qolun ətrafındaki kəndlərin adlarının önünə buna görə “xol” sözü əlavə olunub.
39°23′ şm. e. 49°15′ ş. u.
Ölkə Azərbaycan
DaxildirAran iqtisadi rayonu
İnzibati mərkəzNeftçala
İcra başçısıMirhəsən Seyidov
Tarixi və coğrafiyası
Yaradılıb11 fevral 1940
Sahəsi1 451.7 km²
Əhalisi
Əhalisi88 846nəfər (2020)
Rəqəmsal identifikatorlar
ISO koduAZ-NEF
Telefon kodu994 2126
Poçt indeksiAZ 4700
Avtomobil nömrəsi47

Oxşar Xəbərlər