“Neftçi”nin baş məşqçisi: “Bu hesaba layiq deyildik”

“Birinci hissədə yaxşı oynadıq. Bu hesaba layiq deyildik”.

QİA.az “Report”-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Qarabağ”a evdə 1:4 hesabı ilə uduzduqları Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis ikinci yarıda böyük səhvlərə görə qollar buraxdıqlarını söyləyib: “Ondan sonra əlimizdən gələni etdik. Amma əks hücumlarda yaxalandıq. Qapımızda belə qollar görəcəyimizi gözləmirdik. Məncə, bu səhvləri götürsək, oyunumuzun keyfiyyəti yaxşı idi. Azərbaycan çempionatında “Qarabağ”a qarşı belə təzyiq göstərən komanda görməmişəm”.

Bojoviç hazırda qlobal dəyişikliklərə imkanlarının olmadığını vurğulayıb: “Günahı Yuri Matiasın və Qara Qarayevin üstünə atmaq istəmirəm. Hər futbolçumuz sonadək mübarizə apardı. Digər komandalara qarşı da belə çıxış etsək, daha asan olacaq. Bu gün meydanda Avropa səviyyəsində oyun gördük”.

Baş məşqçi Emin Mahmudovun zədəyə görə əvəzlənməsinin komandaya təsir etdiyini deyib: “Eyni epizod “Qəbələ” – “Qarabağ” matçında da yaşanıb. Həmin vaxt meydan sahiblərinin futbolçusu qırmızı vərəqə almışdı”.

Oxşar Xəbərlər