Nehrəmdə su təminatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işi başa çatıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq məqsədilə “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının və təzyiqli boru xəttinin yenidən qurulmasının layihələndirilməsi başa çatıb.

QİA.az xəbər verir ki, bu barədə Muxtar respublikanın Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihənin tikintisi ilə bağlı artıq tender elanı verilib. Adıçəkilən layihədə nasos aqreqatları modifikasiya olunaraq gücü və təzyiqli borunun diametri artırılaraq su sərfiyyatı 1,5-dən 2,5 kubmetr saniyəyə çatdırılıb.

Layihənin icrası başa çatdıqdan sonra Culfa rayonunun Ərəzin kəndi ərazisindəki “Şır-şır” kanalına suyun verilməsi təmin ediləcək. Bunun nəticəsində isə 1000 hektar torpaq sahəsi ilə yanaşı, əlavə olaraq 2000 hektar suvarılan torpaq sahəsinin su ilə təminatı yaxşılaşdırılacaq.

Qeyd edək ki, layihənin ilkin variantında nəzərdə tutulmuş 3-cü pillə nasos stansiyasının qurulmasına ehtiyac qalmayıb. Çünki 2-ci pillə nasos stansiyanın təzyiqli boru xətti uzadılıb və bunun nəticəsində əlavə 1000 hektar ərazinin suvarma su təminatı yaxşılaşdırılıb. Eyni zamanda, bu nasos stansiya vasitəsilə Nehrəm su anbarının doldurulması təmin ediləcək.

Oxşar Xəbərlər