Niderlandda qaçqınlara çəkilən xərclər bir milyard avrodan çox artıb

Niderland hakimiyyətinin 2023-cü ildə qaçqınların qəbuluna çəkdiyi xərclər 2,7 milyard avro təşkil edib ki, bu da bir il əvvəlkinə nisbətən bir milyard avro çoxdur.

QİA.az NRC nəşrinə istinadla xəbər verir ki, bu rəqəmlər Sığınacaq Axtaranların Qəbulu üzrə Mərkəzi Agentliyin hesabatında yer alıb.

Nəşrin məlumatına görə, 2022-ci ildə Niderland qaçqınların qəbuluna ümumilikdə 1,6 milyard avro xərcləmişdi. Artım böhran vəziyyətlərində müvəqqəti yaşayış yerlərinin təşkili xərclərinin yüksək olması ilə izah edilir. Ötən il buna tələbat təxminən 30 faiz artıb.

2023-cü ildə böhran vəziyyətlərində müvəqqəti yaşayış yeri adambaşına 69,4 min avroya başa gəlib ki, bu da adi yerləşdirmə qiymətindən iki dəfə çoxdur. 2022-ci illə müqayisədə ölkəyə gələn qaçqınların sayı min nəfər artaraq ümumilikdə 56 minə çatıb. Onların təqribən yarısı (26 mindən çoxu) Suriyadan gəlib. İkinci və üçüncü yerlərdə Türkiyə (4,5 min nəfər) və Yəmən (3,7 min nəfər) qərarlaşıb.

Ukraynalı qaçqınlar bu statistikada nəzərə alınmır, çünki onlar ayrıca kateqoriyaya daxil edilir.

Oxşar Xəbərlər