Nino Tandilaşvili: “COP29 Cənubi Qafqaz ölkələri üçün regiondakı problemləri müzakirə etmək imkanıdır

Bakıda keçiriləcək noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Cənubi Qafqaz ölkələri üçün iqlim dəyişikliyi sahəsində regionun üzləşdiyi problemləri müzakirə etmək imkanıdır.

QİA.az “Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata istinad ilə xəbər verir ki, bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Gürcüstan “yaşıl sahə”də gündəliyini genişləndirməyə çalışır: “İqlim dəyişikliyini həll etmək üçün təkcə uyğunlaşma deyil, həm də yeni standartların tətbiqi vacibdir. COP29 Cənubi Qafqaz ölkələri üçün regiondakı problemləri müzakirə etmək imkanıdır”.

O, Gürcüstanın Avropa İttifaqına namizəd statusu aldığını xatırladıb: “İnteqrasiya prosesimiz intensivləşib, biz üzərimizə düşən bütün məsuliyyəti tam başa düşürük”.

Oxşar Xəbərlər