Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun aparılan hərtərəfli islahatlar, “smart” şəhər və kənd layihələrinin həyata keçirilməsi, əhaliyə yüksək keyfiyyətli, o cümlədən hüquqi xidmətlərin göstərilməsi, bu sahədə innovasiyaların və rəqəmsal texnologiyaların geniş tətbiqi, həmçinin hazırlıqlı, müasir düşüncəli kadrlara ehtiyacı artırır.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, bu məqsədlə Ədliyyə Nazirliyi tərəfindən əhaliyə İKT-lər və innovasiyalar, elektron sistemlər və mobil qurğular tətbiq olunmaqla göstərilən notariat xidmətlərinin daim genişləndirilməsi nəzərə alınaraq notariuslar korpusunun qabaqcıl texnologiyalara bələd, bacarıqlı və peşəkar hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.
Bununla əlaqədar bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə elan olunmuş müsabiqə üzrə aprel ayının 13-də növbəti test imtahanı keçirilib.
Pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə Dövlət İmtahan Mərkəzi ilə birlikdə namizədlərlə fərdi qaydada, müasir texnologiyalar tətbiq olunmaqla keçirilmiş test imtahanını vətəndaş cəmiyyətinin nümayəndələri izləyiblər.
İmtahanın keçirilməsi qaydalarına uyğun olaraq, test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.
53 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə mümkün 90 baldan 55 və ya daha artıq bal toplayan 28 nəfər müvəffəqiyyət qazanıb. Uğur qazanmış namizədlərin siyahısı nazirliyin (www.justice.gov.az) və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.
Bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən test imtahanında zəruri keçid balını toplamış hüquqşünaslar ikinci mərhələyə – müsahibəyə buraxılır və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumat veriləcəkdir.
Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, habelə (012) 404-42-19, (012) 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.