Nurlan Qələndərli: “Ermənistan “xaos dumanı”nda boğulur”

Mar3,2021
Nurlan Qələndərli

“Ermənistanda xaosun yeni dalğası siyasi ziddiyyətlərin artmasını, konfrontasiyanın şiddətlənməsini şərtləndirir. Bu ölkədə faktiki olaraq siyasi krizis hökm sürür. Bir tərəfdən, keçmiş xunta rejiminin nümayəndələrini öz sıralarında birləşdirən revanşist qüvvələr hazırkı hakimiyyəti “siyasi tupik”ə sıxışdırmağa çalışır, digər tərəfdən, hakimiyyətdaxili qarşıdurma ümumi vəziyyətin gərginləşməsini şərtləndirir. Eyni zamanda, iqtidar öz rəqiblərini “siyasi ofsayd”a salaraq autsayderə çevirmək üçün yeni həmlələr edir”

Bu fikirləri “QİA.AZ”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, təbii ki, qarşı-qarşıya duran tərəflər aqressiv davranışları ilə məğlub ölkəni yeni siyasi kataklizmlərə sürükləyirlər: “İctimai etirazları nəzərə almasaq, faktiki olaraq 3 siyasi qrup toqquşma vəziyyətindədir: Paşinyanın rəhbərlik etdiyi komanda, hakimiyyət daxilindəki digər müxalif qruplaşma və siyasi müxalifət düşərgəsi. Əvvəla qeyd edim ki, baş qərargah rəisinin Paşinyanın istefasını tələb edən bəyanat verməsi, ardınca prezident Armen Sarkisyanla baş nazirin qarşıdurmasını ifadə edən fikirlərin səsləndirilməsi və digər faktlar Ermənistanda ciddi hakimiyyət böhranın hökm sürdüyünü təsdiqləyir.  Bununla yanaşı, siyasi arenada “müxalifət” adı altında varlığını nümayiş etdirməyə çalışan revanşist qüvvələrin hökumətə yönəlik təzyiqləri həm siyasi, həm də sosial gərginliyi artırır. Bu üçtərəfli böhrana paralel olaraq erməni lobbisində də hazırkı məsələlərə münasibətdə parçalanma və pərakəndəlik müşahidə edilir. Belə olan halda, məğlub Ermənistanın “siyasi sancı”ları daha da şiddətlənir və ölkə faktiki olaraq “xaos dumanı”nda boğulur”.

“Şübhəsiz, Ermənistanda qarşıdakı dövrdə fərqli ssenarilər və proseslərə şahidlik edəcəyik. Düşünürəm ki, hazırkı hakimiyyət həm inzibati resurslardan, həm də mövcud ictimai əhvaldan, siyasi şəraitdən istifadə edərək öz manevrlərini davam etdirəcək, iqtidar kürsüsünü rəqiblərinə verməyəcək. Ola bilsin ki, hansısa siyasi-hüquqi kampaniyaya – növbədənkənar seçkilərə, referenduma və s. start verilsin. Amma proseslərin gedişatına nəzər salaraq indiki iqtidarın rəqiblərini neytrallaşdıracağını və siyasi üstünlüyünü təmin edəcəyini proqnozlaşdırmaq olar”,-deyə politoloq əlavə edib.

QİA.AZ

Oxşar Xəbərlər