İranın nüvə proqramı ilə əlaqədar Avstriyanın Vyana şəhərində davam edən müzakirələr prosesinin sona yaxınlaşdığını demək olar.
QİA.AZ İran Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib. Onun sözlərinə görə, bəzi həll olunmamış məsələlər hələ də qalmaqdadır. Lakin həll edilən məsələlər daha çoxdur: “Bu məsələlərin həlli uzun bir prosesdən keçib və heç də asan olmayıb. Tərəflərin qarşılıqlı şəkildə öz qərarlarını verəcəyinə ümid edilir. Belə olan halda, hamı üçün münasib anlaşma əldə olunacaq”.
Xətibazadə əlavə edib ki, Vyana müzakirələrində bir çox mətnlərin hazırlanması irəliləyişdir. Bu məsələ tərəflərə prosesi tam şəkildə dərk etmək imkanı yaradır.
İran XİN rəsmisi deyib ki, nüvə müzakirələri ilə əlaqədar anlaşmanın tez bir zamanda əldə olunması İranın xeyrinədir.