Nüvə Tərksilahı üzrə Stokholm Təşəbbüsünə daxil olan ölkələr dünya dövlətlərini nüvə silahlarının ləğvi üçün konkret addımlar atmağa çağırıb.
QİA.AZ “The Canberra Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə bəyanat Madriddə təşəbbüs çərçivəsində keçirilən nazirlərin dördüncü iclasında verilib.
On altı nüvəsiz ölkə nüvə silahlarının yayılmaması haqqında müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmək üçün doqquz nüvə dövlətini əməli tədbirlərlə tərksilah prosesini təşviq etməyə çağırıb.
Almaniyanın xarici işlər naziri Qayko Maas ABŞ və Rusiya prezidentlərinin iyun ayında baş tutan görüşü kontekstində konkret tədbirlər təklif etmək üçün əlverişli məqamın yetişdiyini deyib.
Qeyd edək ki, Stokholm Təşəbbüsü nüvə silahına sahib olmayan 16 ölkəni birləşdirir. Qrupa Almaniyadan əlavə Argentina, Kanada, Efiopiya, Finlandiya, İndoneziya, Yaponiya, İordaniya, Qazaxıstan, Niderland, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İspaniya, İsveç və İsveçrə daxildir.
Nüvə silahına malik olan doqquz dövlətə isə ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya aiddir. 2021-ci ilin əvvəlində onlar 13 min 80 ədəd nüvə başlığına malik idi.