Okeanda Yerdən kənar maddə izləri tapılıb

Alimlər okean yer qabığının nümunələrində plutonium və dəmir izotopları tapıblar ki, onlara yer şəraitində rast gəlinmir.

QİA.AZ RİA Novosti saytına istinadla xəbər verir ki, kəşfin müəlliflərinin fikrincə, bu, ifrat yeni ulduzların partlayışı və ya neytron ulduzlarının qovuşması zamanı atılan maddə axınlarının Yer səthinə dövri olaraq çatdığına dəlalət edir. Son on milyon il ərzində Yer planetinə ulduz maddəsi azı iki dəfə düşüb. Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.

Güman edilir ki, dəmirdən ağır bütün kimyəvi elementlərin nüvəsi ulduz mühitində neytronların ardıcıl tutulması və daha ağır nüvələrin yaranması ilə nəticələnən nüvə prosesində formalaşır. Ağır nuklidlərin təxminən yarısı dayanıqlı ulduz sintezinin yan məhsulu kimi tədricən formalaşır, digər yarısı – bütün aktinoidlər daxil olmaqla, o cümlədən uran və plutonium sürətli neytron tutulması prosesində yaranır.

Sürətli neytron tutulması prosesini laboratoriya şəraitində həyata keçirmək mümkün olub. Lakin bu hadisənin kosmosda necə baş verdiyi indiyədək məlum deyil. Bununla bağlı iki fərziyə var: bəzi ifrat yeni ulduzların partlayışı zamanı və neytron ulduzların qovuşması zamanı.

Bu hipotezlərdən hansının doğru olduğunu yoxlamaq məqsədilə alimlər yer süxurları arasında yerdən kənar mənşəli izotop axtarırlar. Çünki belə izotoplar adətən radioaktiv olur, onların yarımparçalanma perioduna görə kosmik hadisələrin yaşını da müəyyən etmək olar.

Avstraliya Milli Universitetindən (Kanberra) Nüvə fizikası fakültəsinin əməkdaşı Anton Vallnerinn rəhbərliyi ilə Avstraliya, Almaniya, Yaponiya, İsrail və İsveçrədən bir qrup alim okeanda son on milyon ili əhatə edən yer qabığı nümunələrindən yarımparçalanma periodu 80,6 milyon il olan plutonium izotopları (244Pu) aşkar ediblər.

Alimlərin fikrincə, Yer üzündə mövcud olan istənilən plutonium yaxın zamanlarda yaranmış və ya çatmış olmalıdır, çünki bu element çox sürətlə radioaktiv parçalanmaya məruz qalır.

Sözügedən nümunələrdə tədqiqatçılar, həmçinin yarımparçalanma periodu 2,6 milyon il olan dəmir izotopları (60Fe) tapıblar. Bunlar ifrat yeni ulduzların partlayışı zamanı meydana gəlir və buraxılır. Zaman üzrə bunlar təqribən 6-8 və 2-3 milyon il əvvələ uyğun gəlir. Lakin 244Pu/60Fe nisbəti ifrat yeni ulduzdan buraxıldığı halda olduğundan çox aşağıdır. Alimlər güman edirlər ki, mənbə bir deyil. Ola bilsin ki, plutonium-244 daha qədimdən və neytron ulduz partlayışı kimi daha təsirli hadisədən qalıb. Eyni zamanda, bu, ifrat yeni ulduzların həqiqətən plutonium-244 yaratmasına dair ilk sübutdur.

Müəlliflərin fikrincə, bu kəşf onlara ağır kimyəvi elementlərin astrofizik mənşəyinə yeni bir nəzər salmağa imkan yaradacaq.Okeanda Yerdən kənar maddə izləri tapılıb

Oxşar Xəbərlər