Vətən müharibəsində böyük qələbənin təmin edilməsində Hərbi Hava Qüvvələrinin necə böyük əhəmiyyət daşıdığının bir daha şahidi olduq. Qəhrəman hərbçilərimiz və müasir aviasiya vasitələri sayəsində, sözün həqiqi mənasında, düşmənin başına od ələndi və nəticədə torpaqlarımız işğaldan azad edildi.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən QİA.AZ-a bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi kimi böyük təşkilatlanma yolu keçən və muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki aviasiya bölmələrinin bazası da müasir hava hücum vasitələri və digər hava döyüş texnikaları ilə komplektləşdirilir.
Ölkəmizin quru sərhədləri ilə yanaşı, hava məkanı da etibarlı müdafiə olunur. Bunun üçün ordumuzun aviasiya bölmələrinin maddi texniki bazası daim gücləndirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 18 illik siyasi rəhbərliyi dövründə Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini də daim diqqət mərkəzində saxlayıb. Ölkə Prezidentinin mayın 10-da Naxçıvana səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksinin istifadəyə verilməsi görülən işlərin davamıdır. Hərbi aerodrom kompleksində Start Komanda, Təhlükəsizlik Baxış, Texniki Nəzarət Məntəqələri, aviasiya texnikalarının saxlanması üçün anqarlar yaradılıb. Xidmətin düzgün təşkili üçün dördmərtəbəli qərargah binasında siniflər, istirahət, iş və digər xidməti otaqlar fəaliyyət göstərir. Burada uçuşdan əvvəl tibbi yoxlanış və uçuşa hazırlıq, eləcə də şəxsi heyətin qidalanması üçün hərtərəfli şərait var.
Zabit Əli Zamanov söhbət zamanı deyib ki, Əlahiddə Ümumqoşun Ordunun təyyarəçisi kimi Azərbaycanın hava məkanının qorunmasına xidmət edir. “Hazırda hərbi aerodrom kompleksində yaradılan şərait bizim nəzəri biliklərimizin və uçuş bacarıqlarımızın artırılmasına imkan verir. Nəzəri biliklərimizin artırılması üçün müasir dərs otaqlarından, uçuşların yerinə yetirilməsi üçün yaradılmış aerodromdan və uçan aparatlardan istifadə edirik. Hərbi aerodromda 24 saatlıq döyüş növbətçiliyi apararaq ölkəmizin hava məkanını fasiləsiz müdafiə edirik və xidmətimizlə qürur duyuruq”, – deyə o bildirib.
Hərbi aviasiya vasitələrinə vaxtında və düzgün texniki nəzarət verilən tapşırıqların uğurla yerinə yetirilməsi baxımından başlıca şərtlərdən biridir. Hərbi aerodrom kompleksində yaradılan Texniki Nəzarət məntəqələrində aviasiya vasitələrinə mütəmadi olaraq texniki baxış keçirilir. Texnikalarda hər hansı nasazlıq baş verərsə, tez bir zamanda aradan qaldırılaraq hər zaman uçuşa hazır vəziyyətə gətirilir. Əlahiddə Ümumqoşun Ordunun zabiti Hikmət Hüseynov bu barədə məlumat verərək deyib: “biz mühəndis texniki heyəti olaraq aviasiya texnikasının texniki istismarını həyata keçiririk. Əsas məqsəd təyyarələri və helikopterləri daim döyüşə və uçuşa hazır vəziyyətdə saxlamaqdır. Yeni yaradılan hərbi aerodrom kompleksində hər bir şərait var ki, biz işlərimizi daha yüksək keyfiyyətlə və vaxtında yerinə yetirək”.
Əlahiddə Ümumqoşun Ordunun aviasiya bölmələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin, bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, manevr qabiliyyətlərinin artırılması məqsədi ilə təlim-məşq uçuşları keçirilir. Bunun üçün hərbi aerodromun Uçuşları İdarəetmə Mərkəzi müasir texnika və avadanlıqlarla təmin olunub və yeni texniki avadanlıqlarla təchiz edilməsi üzrə tədbirlər davam etdirilir. Uçuş heyətinin həkim müayinəsindən keçirilməsi üçün yaradılmış şərait isə heyətin uçuş təlimatının tələblərinə uyğun yoxlanılmasına imkan verir. Zabit Ələkbər Camalov bildirib ki, həkim nəzarətindən keçdikdən sonra uçuş heyəti lazımi geyim və ləvazımatları götürür, aviasiya texnikasının qəbulu və trenajları keçirilir. “Uçuşlar zamanı hərbi hissə komandiri tərəfindən tapşırıqlar verilir, Uçuşları İdarəetmə Mərkəzindən uçuşlara nəzarət edilir. Uçuşlar bitdikdən sonra aviasiya texnikası xüsusi anqarlarda yerləşdirilir və konfrans zalında uçuşların təhlili aparılır. Əgər nöqsanlar və ya başqa hadisələr baş veribsə, ona təlim-konfrans zalında aydınlıq gətirilir. Uçuşlar keçirilməyən günlərdə şəxsi heyət xüsusi məşğələlərlə uçuşa hazırlıq dərslərində iştirak edir və idman meydançasında fiziki hazırlıqlarını gücləndirirlər. Bütün bu fəaliyyətlərin yerinə yetirilməsində hərbi aerodrom kompleksində yaradılan müasir şəraitin böyük rolu vardır. Yaradılan şəraitə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk”, – deyə Ə.Camalov vurğulayıb.
Bu gün əminliklə deyə bilərik ki, Əlahiddə Ümumqoşun Ordu muxtar diyarın müdafiəsində uğurla dayanır. Təbii ki, müdafiə qüdrətinin əsasında möhkəm və müasir hərbi-texniki bazanın olması əsas şərtdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi: “Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir”.
Bəli, Əlahiddə Ümumqoşun Ordu ən müasir silah arsenalına malikdir və qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirmək iqtidarındadır. Elə Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksində yaradılan şərait də xidmətin nümunəvi təşkilinə və aviasiya bölmələri tərəfindən ölkəmizin hava məkanının 24 saat etibarlı müdafiə olunmasına imkan verir. Hərbi aerodrom kompleksinin imkanları haqqında, eləcə də aparılan quruculuq və təkmilləşdirmə işləri barədə növbəti yazılarda daha geniş məlumat verəcəyik.