Ombudsman Aparatı tərəfindən Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir təşkil edilib

May8,2021

Ombudsman Aparatı tərəfindən Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir təşkil edilib.

QİA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirib.

Ombudsman Səbinə Əliyeva giriş sözü ilə çıxış edərək, Heydər Əliyevin SSRİ dövründə yüksək vəzifələrdə çalışan azərbaycanlı olaraq ölkəmizin maraqları üçün gördüyü işlərdən danışıb. Səbinə Əliyeva ümummilli liderin müstəqillik dövründə hakimiyyətə qayıtmasından sonra həmin dövrdə baş qaldırmış müxtəlif qruplar tərəfindən irəli sürülən parçalanma meyillərinin qarşısını almasının Azərbaycan tarixi üçün əhəmiyyətini diqqətə çatdırıb.  

Çıxış zamanı Heydər Əliyevin Ermənistanın ölkəmizə təcavüzü nəticəsində formalaşmış bir milyondan artıq qaçqın və məcburi köçkün əhalinin problemlərinə hər zaman həssas yanaşdığı qeyd edilib. Ombudsman ölkəmizin ərazi bütövlüyünün pozulması faktının beynəlxalq səviyyədə tanıdılmasında, BMT-nin işğal faktını pisləyən dörd məlum qətnaməsinin qəbul edilməsində Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışıb.

Ombudsman Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində qanunvericilik sisteminin formalaşması və təkmilləşdirilməsində, həmçinin Ombudsman təsisatının yaradılmasında Ulu öndərin xüsusi rolu olduğunu vurğulayıb. Ombudsman bildirib ki, müstəqilliyin ilk illərində ölkə Konstitusiyasının, habelə müxtəlif sahələrdə qanunvericilik aktlarının qəbulu müstəsna əhəmiyyət daşımışdır.

Ombudsman həmçinin ulu öndərin gənclər siyasətindən danışıb, ixtisaslı gənc kadrların yetişdirilməsi məsələsinin diqqətdə saxlandığını qeyd edib.

Daha sonra tədbir Aparatın əməkdaşlarının çıxışları ilə davam edib. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafında, ölkədə hüquq sahəsində aparılmış islahatlarda xüsusi rolu olduğunu bildirib. A.Səfixanlı ulu öndər tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbulu, ölüm hökmünün ləğv edilməsinin qabaqcıl təcrübə kimi xüsusi önəmə malik olduğunu vurğulayıb.

 İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Mehman Əmirəliyev çıxışında ölkədə hüquqi və iqtisadi sahədə inkişafın təmin olunmasında Heydər Əliyevin məqsədyönlü siyasətinin təsirləri barədə danışıb.

İnformasiya əldə etmək hüququ sektorunun aparıcı məsləhətçisi Elvin Hacıyev qeyd edib ki, ulu öndər qaçqın və məcburi köçkünlərin qayğılarını ölkənin əsas problemi kimi qəbul etmişdir. O, Vətən müharibəsində qazanılmış zəfərin Heydər Əliyevin uğurlu siyasətinin davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.

 İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun böyük məsləhətçisi Mikayıl Bayramov isə ölkənin iqtisadi cəhətdən gücləndirilməsi, neft-qaz layihələrinin reallaşdırılması, o cümlədən Əsrin müqaviləsinin imzalanmasının önəmindən danışıb.

Yekunda Ombudsman Heydər Əliyevin dövlətçilik ideyalarının yaşadılması üçün gənc nəslin tariximizi və onun irsini öyrənməsinin önəmli olduğunu vurğulayıb.

Oxşar Xəbərlər