QİA.AZ xəbər verir ki, müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən videokonfrans formatında tədbir keçirilib. “Azərbaycan Respublikasında uşaqların sosial və hüquqi müdafiəsi: Parlament ölçüsü” mövzusunda elmi araşdırmanın yekunu olaraq təşkil olunmuş videokonfransda həmin institutun təmsilçiləri, habelə deputatlar, mərkəzi və yerli icra orqanlarının əməkdaşları və müxtəlif qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva həmin tədbirdə çıxış edib. N.Ağayeva məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi Ombudsmanın uşaq hüquqları sahəsində fəaliyyət istiqamətləri, o cümlədən Parlamentlə əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Ombudsman Səbinə Əliyevanın 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə dünya ictimaiyyətinə videomüraciət ünvanladığı iştirakçıların diqqətinə çatdırılıb. 4 İyun – Aqressiya Qurbanları olan Günahsız Uşaqların Beynəlxalq Günü ərəfəsində edilmiş həmin müraciətdə Ombudsmanın uşaqları müharibədən, zorakılıqdan qorumaq, onlarla bağlı hüquq normalarını təmin etmək üçün səyləri birləşdirməyə çağırış etdiyi də qeyd olunub.