26-27 aprel tarixlərində keçirilən Avropa İttifaqı – Azərbaycan Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatını Aparat rəhbərinin müavini Rəşid Rumzadə və Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva təmsil ediblər.
Aparatdan “QİA.az”a verilən məlumata görə, Ombudsmanın nümayəndələri tərəfindən onlayn iclasın İnsan hüquqlarının qorunması üzrə yerli qurumlar şəbəkəsi, İnsan hüquqları üzrə milli təsisatlar, İşgəncə və qəddar, qeyri-insani və alçaldıcı rəftara qarşı mübarizə daxil olmaqla həbs sisteminin fəaliyyəti, Sosial və mədəni hüquqlar, əlilliyi olan şəxslər, gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi məsələlərini əhadə etən panellərində məruzələr olunub.
İclasda ölkədə işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti, preventiv tədbirlərin təşkili, maarifləndirmə işlərinin aparılması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və onların sosial inklüziyasına nail olmaq, eləcə də qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini istiqamətində Azərbaycan Ombudsmanın geniş fəaliyyəti barədə məlumatlar diqqətə çatdırılıb.
Eləcə də gündəlik üzrə ifadə, mətbuat, media və məlumat azadlığı üzrə panellərdə Azərbaycan Ombudsmanı tərəfindən həyata keçirilən işlər o cümlədən, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı şikayətlərin operativ araşdırılması məqsədilə Aparatda İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin yaradıldığı qeyd olunub.
İclasın növbəti günündə ədliyyə, azadlıq və təhlükəsizlik sahələrində bir sıra məsələlər, o cümlədən qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq, miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.