Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçuları ilə bağlı məsələ ilk gündən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqət mərkəzində olub, bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlanıb.
Ombudsman Aparatından “QİA.AZ”a bildirilib ki, müraciətlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsir və girovlarına qarşı qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsir və girovların beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycan tərəfinə qaytarılması tələb edilib.
Ombudsman Səbinə Əliyeva əsir və girovlarla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə də sıx əməkdaşlıq edib, fəaliyyət çərçivəsində məlumat mübadiləsi aparılıb. Həmçinin Ombudsmanın təşəbbüsü ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə videokonfrans vasitəsilə keçirilmiş görüşdə əsirlikdə olan azərbaycanlı hərbi qulluqçuların valideynlərinin də iştirakı təmin olunub, onların müraciətlərinə imkan yaradılıb.
Məlum olduğu kimi, 2014-cü ildən girovluqda olan, Azərbaycan Ombudsmanının müntəzəm olaraq barələrində məsələni diqqətdə saxladığı Dilgəm Əsgərov və Şahbaz Quliyev, habelə Vətən müharibəsində əsir düşmüş 12 nəfər hərbi qulluqçumuz azad olunaraq 14 dekabr 2020-ci il tarixdə Bakıya gətirilib.
Ombudsman dekabrın 15-də bu şəxslərin müayinə və müalicə olunduqları müəssisədə həmin şəxslərlə görüşüb, onların sağlamlıq durumu, hüquqlarının təmini vəziyyəti, əsir və girov saxlanılarkən onlarla rəftar məsələləri ilə bağlı məlumat alıb.
Ombudsman Səbinə Əliyeva müəssisə rəhbərliyi ilə görüşdə də bu şəxslərin səhhəti və onlara göstərilən reabilitasiya və digər yardımlar barədə maraqlanıb.
Həmin şəxslər də öz növbəsində vəziyyətlərini daim diqqətdə saxladığına və bu dövrdə həyata keçirdiyi fəaliyyətə görə Ombudsmana təşəkkürlərini bildiriblər.
Qeyd olunmalıdır ki, Ermənistan Respublikası tərəfindən Azərbaycanlı girovlara, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulmuşdur.