Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

Apr23,2024

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Media Prima Advertising” şirkətinin rəhbəri Qrem Vilsona müsahibə verib.

QİA.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan “Qarabağın dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlı kitab üçün müsahibə zamanı S.Əliyeva Q.Vilsonun sualları əsasında Ermənistan tərəfindən ölkəmizə qarşı törədilmiş müharibə cinayətləri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyəti, eləcə də postmünaqişə dövründə reinteqrasiya prosesi barədə məlumat verib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də məlumat əldə olunmadığını bildirib.

Müvəkkil İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistan tərəfindən mülki əhalinin hədəfə alındığı bölgələrimizdə, eləcə də işğal dövründə dağıdılmış ərazilərimizdə faktaraşdırıcı missiyaların həyata keçirildiyini qeyd edib, hesabatların, bəyanatların və müraciətlərin hazırlanaraq yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğunu diqqətə çatdırıb.

S.Əliyeva regionda dinc birgəyaşayışın təmin olunması ilə bağlı tədbirlərin əhəmiyyətindən danışıb, Azərbaycan tərəfindən erməniəsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyası istiqamətində addımların atıldığını qeyd edib. O, Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsinin daim diqqət mərkəzində olduğunu, ombudsmana müraciət etmək üsulları ilə bağlı açıqlamaların verildiyini, eyni zamanda, Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşdüyünü, onların hüquq və azadlıqlarının təmin olunması vəziyyəti ilə maraqlandığını bildirib.

Müvəkkil, həmçinin cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi fəaliyyəti barədə də məlumat verib, həssas əhali qruplarının hüquqlarının müdafiəsi və digər mövzularda tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.

Oxşar Xəbərlər