Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşinə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb.
Ombudsman Aparatından “QİA.AZ”a bildirilib ki, hesabat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş “İmamzadə Ziyarətgah” Kompleksi və Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Ombudsman tərəfindən həyata keçirilmiş monitorinqlər zamanı yerində toplanmış faktları özündə əks etdirir.
Hesabatda təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığını, beynəlxalq humanitar hüququn, o cümlədən “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasını, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasını, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı IV Cenevrə Konvensiyasını, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasını və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozması qeyd olunub, milli, mənəvi, dini terror həyata keçirən, tarixi, dini-mədəni abidələri məhv edən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq müharibə cinayətləri törədən işğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərməyə çağırış edilib.
Hesabat dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.
Hesabatın tam mətni Ombudsman Aparatının saytında yerləşdirilib.