Ombudsman Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinə başçəkmə həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Müdafiə Nazirliyi ilə razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman və Aparatın əməkdaşları hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələri müntəzəm qaydada davam etdirir.

QİA.AZ xəbər verir ki, bu günlərdə Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinə mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər.

Əvvəlcə Ombudsman Ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, qonaqlar üçün nəzərdə tutulmuş xatirə kitabına ürək sözlərini qeyd edib.

Başçəkmə zamanı Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən Ombudsmana Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi və fəaliyyəti, həmçinin Vətən Müharibəsində iştirak edən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan, yaralanan hərbi qulluqçular, o cümlədən onların təltif olunması barədə məlumat verilib.

Eyni zamanda, Ombudsman döyüş gəmilərində şəxsi heyət üçün yaradılmış şərait, onlarla rəftar, qida və şəxsi heyətlə ideoloji işin təşkilinin vəziyyəti ilə tanış olub.

Görüş zamanı xidmətdə fərqlənən bir sıra hərbi qulluqçular Ombudsman Səbinə Əliyeva tərəfindən xatirə hədiyyələri ilə təltif edilib.

Ombudsman həmçinin Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan poliklinikaya baxış keçirib, müalicə işinin keyfiyyətini müsbət qiymətləndirib.

Ombudsman Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə edib.

Oxşar Xəbərlər