Ombudsman İƏT-in Ombudsmanlar Assosiasiyasının idarə heyətinin iclasında çıxış edib

May25,2021

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının idarə heyətinin növbəti iclasında iştirak edib.

Bu barədə “QİA.az”a Aparatdan məlumat verilib.
İclasda Assosiasiyanın prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Assosiasiyaya üzv olan Ombudsmanları salamlayaraq açılış nitqi ilə çıxış edib.
Daha sonra iclasda çıxış edən Azərbaycan Ombudsmanı son zamanlarda dünyada humanitar sahədə baş verən böhrana diqqət çəkərək insan hüquqlarının müdafiəsində beynəlxalq həmrəyliyin olduqca vacib olduğunu vurğulayıb. Qeyd olunub ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaması, insan hüquqlarına hörmətsizlik insanlığı daha ağır problemlərlə üz-üzə qoyur.
BMT-nin məlum 4 qətnaməsinə etinasız yanaşan Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın işğaçılıq siyasətini davam etdirdiyini bildirən Ombudsman ötən il işğal altındakı ərazilərin azad edilməsi məqsədilə hərbi əməliyyatların gedişi zamanı Ermənistanın mülki obyektləri hədəf alaraq humanitar hüququn tələblərini kobud şəkildə pozduğunu iştirakçıların diqqətinə çatdırıb. Ombudsman Səbinə Əliyeva çıxışında hələ də Ermənistan tərəfindən işğal müddətində Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrinin verilmədiyini, bunun insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını qeyd edib. Bununla yanaşı, Ombudsman vaxtilə işğal altında saxlanılmış ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrinin qismən və ya tamamilə dağıdıldığını bildirib.
Daha sonra iclas gündəliyə uyğun olaraq məruzə və müzakirələrlə davam edib.

Oxşar Xəbərlər