Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat verib.
Ombudsman Aparatından QİA.AZ-a bildirilib ki, bəyanatda deyilir:
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan işarə olunmamış minalı ərazilərlə bağlı ciddi narahatlığımı ifadə edirəm.
Ermənistan və Azərbaycan arasında 44 gün davam etmiş müharibə 10 noyabr 2020-ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən başa çatmışdır. Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əraziləri beynəlxalq hüquqa uyğun olaraq azad edilib.
Buna baxmayaraq, azad olunmuş şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılması ilə yanaşı, ərazilərişarə olunmadan minalanmışdır. İşğal müddətində həmin ərazilərdə yüz mindən artıq mina yerləşdirilmişdir və Ermənistan hələ də bu minaların xəritəsini verməkdən imtina edir”.
Bildirilib ki, müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş verib. Müharibənin bitməsindən bu günə qədər həmin minalar səbəbindən 10 mülki şəxs həlak olub, 11 şəxs isə ağır yaralanıb: “Minalar onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər. Onların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə töhfə ola biləcək post-münaqişə dövründə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Ermənistan bütün işğal olunmuş ərazilərdə hərbi obyektlərə qarşı nəqliyyat vasitələri əleyhinə minalarla yanaşı, insan əleyhinə minalardan da istifadə etməklə beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini pozur və Azərbaycan üçün həmin minaların ağır nəticələrinin qarşısını alacaq minalanmış ərazi xəritələrini verməkdən boyun qaçırır.
1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, hədəfi fərqləndirməyən silahların istifadəsi qadağandır.
Ermənistan insanların həyat və sağlamlığının qorunmasını təmin etmək üçün qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir.
Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram”.