Ombudsman onlayn hüquqi maarifləndirmə tədbiri keçirib

Apr9,2021

Ombudsmanın Gəncə Regional Mərkəzinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax rayon şöbəsinin əməkdaşlarının və fəal gənclərin iştirakı ilə 7 Aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlamlığın qorunması hüququ” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib.

Bu barədə “QİA.az”a Aparatın Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 1950-ci ildən başlayaraq ənənəvi olaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Diqqətə çatdırılıb ki, sağlamlıq hüququnun təmini istiqamətində Ombudsman tərəfindən çoxşaxəli işlər görülür, təsisatın  fəaliyyətində narkomaniyaya qarşı mübarizə, İİV virusuna yoluxmuş və QİÇS-dən əziyyət çəkən xəstələrin hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinə geniş yer verilir. Həyata keçirilən bu maarifləndirmə tədbirlərinin Ombudsmanın Aparatı və Cəlilabad, Gəncə, Şəki və Quba regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bölgələr əhatə olunmaqla digər əlaqəli qurumlarla əməkdaşlıqda il boyu davam etdirildiyi vurğulanıb.

Onlayn tədbirdə sağlamlığın qorunması hüququ sahəsində mövcud olan normativ hüquqi aktların “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının müddəları iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə digər iştirakçılar da çıxış edərək, gənclərin sağlamlıq hüquqlarının həyata keçirilməsində maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd ediblər.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər