Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan MQF İctimai Nəzarət Mərkəzinin “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda təşkil etdiyi onlayn konfransda iştirak edib.
Bu barədə “QİA.az”a Aparatdan məlumat verilib.
Ombudsman Səbinə Əliyeva konfransda çıxış edərək, dövlət idarəçiliyində nəzarət mexanizminin mövcudluğunun əsas şərtlərdən biri olduğunu vurğulayıb. Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin gücləndirilməsində dövlətin maraqlı olduğu qeyd olunub.
Ombudsman bildirib ki, son illər həyata keçirilən islahatlar da ictimai nəzarətin genişlənməsinə müsbət təsir göstərib. Səbinə Əliyeva ölkə başçısı İlham Əliyevin nöqsanların üzə çıxarılmasında cəmiyyətin dəstəyinin rolunu vurğuladığını, vəzifəli şəxslər qarşısında vətəndaşlara layiqincə xidmət göstərmək vəzifəsi qoyulduğunu xatırladıb.
Ombudsman ictimai və siyasi təsisatlar, QHT sektoru və kütləvi informasiya vasitələrinin ictimai nəzarətin tətbiqində mühüm rol oynamalı olduğunu diqqətə çatdırıb.
Yekunda Müvəkkil nüfuzlu ziyalıların, ictimai-siyasi xadimlərin və cəmiyyətin həyatında fəal mövqe tutan vətəndaşların iştirakı ilə ictimai müzakirələrin aparılması ilə bağlı fikirlərini səsləndirib. Səbinə Əliyeva bu istiqamətdə Ombudsman olaraq səlahiyyətləri çərçivəsində mümkün dəstək verməyə hazır olduğunu bildirib.
Onlayn konfrans dövlət qurumlarının və QHT nümayəndələrinin mövzu ilə bağlı çıxışları ilə davam edib.