Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzi və Əlil Qadınlar Cəmiyyətinin Gəncə şöbəsinin birgə təşkilatçılığı ilə əlilliyi olan vətəndaşların iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu” mövzusunda tədbir keçirilib.
Ombudsman Aparatının Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Ombudsman təsisatı tərəfindən əlilliyi olan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sında, habelə digər qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirilən genişmiqyaslı fəaliyyət barədə ətraflı məlumat verib.
Çıxışda Ombudsman tərəfindən dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə, digər idarə, müəssisə, təşkilatlara, habelə sahibkarlıq subyektlərinə ünvanlanmış müraciətdə pandemiya şəraitində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onlar barəsində sosial müdafiə xarakterli tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq təkliflərin irəli sürüldüyü vurğulanıb.
Ombudsmanın Aparatının və Gəncə Regional Mərkəzinin əlaqə nömrələri, 916 Çağrı Mərkəzi haqqında iştirakçılara bir daha ətraflı məlumat verilib, Ombudsmana müraciət etmək qaydaları izah edilib. Tədbirdə iştirak edən əlilliyi olan şəxslərin verdiyi suallar cavablandırılıb.
Ombudsmanın Gəncə Regional Mərkəzi növbəti tədbiri Samux rayon Heydər Əliyev Mərkəzi ilə birgə əhatə etdiyi digər müxtəlif rayonların Heydər Əliyev Mərkəzlərinin nümayəndələrinin iştirakı ilə “Məişət zorakılığı ilə mübarizənin hüquqi aspektləri” mövzusunda keçirib.
Tədbir zamanı məişət zorakılığının qarşısının alınması ilə bağlı müxtəlif təkliflər səsləndirilib, bu sahədə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti vurğulanıb. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun müddəaları barədə məlumat verən S.Abbasov məişət zorakılığı ilə mübarizə və gender bərabərliyinin müxtəlif aspektləri barədə bir sıra digər sənədlərdə, o cümlədən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda təsbit edilmiş vəzifələrdən danışıb.
Tədbirdə Azərbaycan Ombudsman təsisatının məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyəti, 916 Çağrı Mərkəzi barədə məlumat diqqətə çatdırılıb. Ombudsman təsisatı tərəfindən bu sahədə məlumatlılığın artırılması məqsədilə keçirilən tədbirlərin əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, dövlət qurumların işində səmərəliliyin artırılmasına öz müsbət töhfələrini verdiyi qeyd olunub.
Tədbir mövzu ilə bağlı aktiv müzakirələrlə davam edib. İştirakçılar tərəfindən məişət zorakılığı ilə mübarizə ilə bağlı bir sıra təkliflər irəli sürülüb, onların sualları ətraflı cavablandırılıb.