Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Vətənpərvərlik -özü üçün deyil, eli üçün yaşamaqdır, bu gün üçün deyil, gələcək üçün yaratmaqdır, “Mən üçün” deyil “Bizlər üçün”, “Xalqım üçün” düşünməkdir. Bənna külüngüylə, diplomat siyasətiyə, alim elmiylə, yazıçı, şair qələmiylə, tarixçi üzə çıxartdığı doğrularıyla, analar böyütdüyü nəcabətli övladlarıyla,şagirdlərimiz təhsiliylə,qızlarımız nəsilbənəsil bizə miras qalmış ismətiylə, düşmən çəpəri olan oğullarımız mərdliyi, qeyrətiylə, əsl vətəndaşlardır.
Qəhrəmanlıq etmək, adının tarixin salnaməsinə yazılmasına nail olmaq vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. Bu ali hislərlə böyüyüb boya-başa çatan, Vətən sevgisinin rüşeymi ürəyindəki vətənpərvərlik duyğusunda kök atmış Kənan Quliyevdə belə vətən övladlarındandır.
Quliyev Kənan Vaqif oğlu 11 sentyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. 1998-ci ildə Culfa şəhər Məhərrəm Əsgəroğlu adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. Təhsil aldığı dövrdə səmimiliyi, mərdliyi, vətənpərvərliyi ilə müəllimlərinin diqqətini çəkib. 2009-cu ildə
məktəbi bitirdikdən sonra 2010-cu ildə Naxçıvan Texniki Peşə və Sürücülük məktəbində sürücülük təhsili alıb və həmin ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb. Qəhrəmanımızın ailəsini ziyarətmimizdə atası Vaqif dayı bildirdi ki, Vətənə olan borcunu ləyaqətlə yerinə yetirən Kənan 2012-ci il aprel ayında hərbi xidmətini başa vurub.
Bir müddət mülkidə sürücü işləsə də özünü hərb sənətundə görən el oğlumuz 4 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Ordu sıralarında XTQ hərbi qulluqçu kimi xidmətə başlayıb. “Mülküdə sürücü işlədiyi dövrdə oğlum ağır qəza keçirdi. Lakin bu qəzadan Kənan burnu qanamadan sağ-salamat qurtardı. Onun həyatda qalmağına dəfələrlə şükr etdik. Hardan biləydik ki, Kənanın qəzadan sağ çıxmasının səbəbəbi qismətində şəhidlik olmasıdır.”
Kənan 2018 -ci ilin noyabr ayında sevdiyi Aysel xanımla ailə həyatı qurur. Həyat yoldaşına lazım gəldikdə ata, lazım gəldikdə qardaş olur Kənan. 2019-cu ilin oktyabır ayında quliyevlər ailəsinə bir sevinc nəsib olur. Kənanın bir oğul ovladı dünyaya göz açır. Lakin körpələri cəmi bir həftə ömür yaşayır. Oktyabr ayının 26- da cənnətə köçür.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Naxçıvana ilk şəhid gələndə Kənan şəhid qardaşlarını qarşılamağa gedib. Ailəsinə ” Mən mütləq oraya getməliyəm. Bu gün o dəfndə iştirak etməsəm sabah mən çiyinlərdə gələndə heç kim məni qarşılamağa gəlməz.” deyib Kənan. O da bir çox şəhid qardaşları kimi şəhid olacağını sanki əvvəlcədən hiss edibbiş. Bir neçə gün sonra könüllü olaraq döyüş bölgəsinə yollanan Kənanın anası İlhamə xanım deyir ki, “Oğlum döyüş bölgəsinə yollandığını bizdən gizlədib. Biz onu Naxçıvan ərazisində dağ postlarının birində xidmətdə bilirdik. İki gün keçdikdən sonra atasına zəng edib ” Bu yolun gedişi var, dönüşü yoxdur. Ata anamla Aysel sənə əmanətdir. Haqqınızı halal edin.”deyib.
Oktyabr ayının 22-də Xocavənd-Qubadlı istiqamətində səhərə yaxın saat 5 radələrində şiddətli döyüş başlanıb. İstifadəsində olan iri çaplı silahla döyüşlərdə xüsusi cəsurluq nümayiş etdirərək 50-dən artıq düşmən zabitini məhv edib. Düşmən uzun müddət Kənanla mübarizə aparmağa çalışıb və yalnız peşəkar snayperlərin atəşi ilə onun qarşısıbı ala biliblər.
24 oktyabr Tuğ kəndində gedən döyüşlərdə Kənan düşmənin qəfil gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.
Naxçıvan əhalisi qəhrəman şəhidini böyük bir izdihamla qarşılayaraq ,onu Culfa şəhər qəbristanlığında son mənzilə yola saldı.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən çavuş Kənan Quliyev ölümündən sonra “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə”, ” Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.
Kənan sağlığında layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” medalı da şəhid olduqdan sonra ailəsinə təqdim edildi.
Şəhidimizin cəmi bir həftə ömür sürmüş və 26 oktyabr 2019-cu il tarixdə cənnətə qovuşan oğlundan düz bir il sonra 2020-ci il iktyabr ayının 26- da özü torpağa tapşırıldı. Artıq ata-oğul cənnətdə birlikdədir. Bunu anasının yuxusuna gələrək Kənan özü də ailəsinə əyan edib.
Şəhidin anası İlhamə xanım: ” Kənan mənim hən övladım həm digər doğmalarımın yoxluğunu hiss etdirməyən əzizim idi. Atamı itirdim, atam oldu. Anamı itirdim anam oldu. Qardaşımı itirdum qardaş oldu. O qədər yanımlı övlad idi ki, indi yoxluğuna alışa bilmirəm. Tək oğul övladım olan Kənanım artıq bir ildir ki cənnətdədir. Onun ailə qurmasına, xoşbəxtliyinə çox sevinirdim ki. Kənanın Aysellə bağlı çox arzuları var idi. Nə biləydim ki, o Vətənini valideyinlərindən həyat yoldaşından çox sevdi. Oğlumun Ayselə seçib qoyduğu üzüyü o şəhid olduqdan 20 gün sonra gəlinimin barmağına taxdım. Qeyrətli gəlinim bizi tək buraxmadı. Övladımın qoxsunu gəlinimdən aldım.
Mən övladımla sağlığında fəxr etdiyim kimi, şəhidliyi ilə də fəxr edirəm. Vətən sağolsun”.
Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq gənclərin əsas vəzifəsi olduğunu Kənan kiki oğulların timsalında 44 günlük Vətən müharibəsundə nümayiş etdirdilər. Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycan uşaq və gəncinin simasında özünün ifadəsini tapdı. Çünki Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib. Hər şeydən pay ola bilər, amma Vətəndən pay olmaz.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bəxtiyar ƏLİYEV