Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılacaq.
“QİA.AZ”ın məlumatına görə, “Opera Euro Rapid”də Azərbaycanı təmsil edən Teymur Rəcəbov Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşacaq.
ilk yarış günündə o, 5 görüş keçirib. İkinci turda ağ fiqurlarla ABŞ təmsilçisi Sem Şenklendə qalib gələn Rəcəbov ilk turda almaniyalı Mattias Blübaumla, üçüncü turda ABŞ-dan olan Lenyer Peres Domingeslə və beşinci turda rusiyalı Aleksandr Qrişukla qara, dördüncü turda isə polşalı Yan-Kşiştof Duda ilə ağ fiqurlarla heç-heçə oynayıb.
Hazırda azərbaycanlı qrossmeysterin aktivində 5 oyundan 3 xal var. O, fransalı Maksim Vaşye-Laqrav və niderlandlı Aniş Giri ilə birgə 4 – 6-cı yerləri bölüşür. Turnir cədvəlinə Maqnus Karlsen 4 xalla başçılıq edir. ABŞ təmsilçisi Uesli So və rusiyalı Yan Nepomnyaşi hərəyə 3,5 xalla 2-3-cü yerlərdə qərarlaşıb.
“Opera Euro Rapid”in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.
Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.
“Opera Euro Rapid”
7 fevral
VI tur: Teymur Rəcəbov – Aniş Giri (Niderland)
VII tur: Yan Nepomnyaşi (Rusiya) – Teymur Rəcəbov
VIII tur: Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ)
IX tur: Vidiş Santoş Qucarati (Hindistan) – Teymur Rəcəbov
X tur: Daniil Dubov (Rusiya) – Teymur Rəcəbov