Əlahiddə Ümumqoşun Ordunun 2023-cü ilin döyüş hazırlığı planına əsasən komanda-qərargah təlimi keçirilib.
Bu barədə QİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə, hissə və bölmələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə və döyüş təyinatı rayonlarına çıxarılıb.
Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbuletmə üzrə bacarıqlarının və bölmələrin daim döyüşə hazırolma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə bölmələr atəş və start mövqeləri tutduqdan sonra ərazidə maskalanma və mühafizə tədbirlərini yerinə yetiriblər.
Təlim zamanı səhra rabitə qovşağının ərazidə açılması praktiki olaraq məşq etdirilib. İdarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil radioqovşaqlardan qərargahlararası məlumatlar mübadiləsinin yüksək keyfiyyətlə yerinə yetirilməsi təmin edilib.
Aviasiya bölmələrinin təlimə hazırlıq məruzələri dinlənildikdən sonra Mİ-17 nəqliyyat-döyüş helikopterlərindən yer hədəflərinə müxtəlif döyüş manevrləri ilə hücum məşq etdirilib.
Təlimə cəlb edilmiş hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif hündürlük diapazonununda fəaliyyət göstərən hava düşməninin zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar icra edilib.
Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Ordu aviasiyası praktiki uçuşlarla hava düşmənini təqlid edib.
Radiotexniki bölmələrin kəşfiyyat vasitələri ilə düşmən hədəfləri aşkarolunma həddinə çatdıqda əldə olunmuş məlumatlar komanda məntəqəsinə ötürülüb. Döyüş heyətləri tərəfindən hava hücum vasitəsinin dövlət hava sərhədinə uçub çatma vaxtı və zenit-raket divizionlarının məhvetmə zonasına girmə ardıcıllığı üzrə hesabatlar aparılıb.
Alınmış döyüş tapşırığına əsasən zenit-raket bölmələrinin komanda məntəqəsi hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetirib.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya və minaatan bölmələri şərti düşmən hədəflərini aşkar edərək sərrast atəşlə məhv edib.
Təlimdə döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə və komandirlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə nail olunub.