Ötən il Silahlı Qüvvələrimiz şanlı döyüş yolu keçərək torpaqlarımızın işğaldan azad edilməsi kimi böyük tarixi missiyanın öhdəsindən uğurla gəldi – Şahin Rəhmanlı

İyn25,2021

26 iyun Silahlı qüvvələr günüdür və 44 günlük Vətən müharibəsindən sonra biz bu tarixi günləri böyük qürur hissi ilə qeyd edirik. Tarixə əsaslanaraq əminliklə qeyd edə bilərəm ki, bu gün bizim Azərbaycan tarixinə şərəflə yazılır, bu istiqamətdə səsləndirilən fikirlərdə xüsusi ruh yüksəkliyi müşahidə olunur. Əslində burada xalqın eyni amal uğrunda birliyi də öz təsirini göstərdi. Ən ümdə duyğulardan biri də bu birliyə şahid olmaq oldu. Xalq tək ürək olub ordusuna, Ali Baş Komandanına güvəndi. Ulu Öndər Heydər Əliyevin də dediyi kmi Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!
“QİA.az” xəbər verir ki, bu fikirləri açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk vaxtlara nəzər salsaq görərik ki, ölkəmizdə nizami ordu yox idi. Xalqın təkidi ilə 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müvafiq sahədə olan xaosa son qoyuldu, ordunun dirçəldilməsi prosesinə başlanıldı. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı.
Ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Məhz elə bunun məntiqi nəticəsidir ki, ötən il Silahlı Qüvvələrimiz şanlı döyüş yolu keçərək torpaqlarımızın işğaldan azad edilməsi kimi böyük tarixi missiyanın öhdəsindən uğurla gəldi.
Bu gün tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Biz 44 günlük vətən müharibəsi, “Zəfər” paradı zamanı bütün bu faktlara şahid olduq.
Müharibənin taleyini müəyyənləşdirən Ali Baş Komandan başda olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan Əsgəri idi. Cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan əks həmlə əməliyyatları bizim üçün Vətən müharibəsinə çevrildi və şanlı qələbəmiz ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini və “keçilməz səddlərini” darmadağın edərək, böyük zəfərə imza atdı. Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək.
26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Qəhrəman Azərbaycan əsgərini təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətində uğurlar arzulayıram. Bu xüsusi gündə Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Oxşar Xəbərlər