Özbəkistan paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.
QİA.az xəbər verir ki, əvvəlcə Daşkənd Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə muğam müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Almaxanım Əhmədli Füzulinin qəzəllərini ifa ediblər. Axşam isə qala konsert təqdim olunub.
“Özbəkistan” Forumlar Sarayında keçirilən konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Emin Sabitoğlu, Tofiq Quliyev, Rauf Hacıyev, Ələkbər Tağıyev, Faiq Sücəddinovun əsərlərinə müraciət olunub, xalq rəqsləri nümayiş etdirilib.
Həmçinin tamaşaçıları Azərbaycanın Xalq artistləri Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Zülfiyyə Xanbabayeva, Azər Zeynalov, Yusif Eyvazov, Əməkdar artist, tarzən Sahib Paşazadə, muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli, eləcə də Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva öz ifaları ilə salamlayıblar.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun da izlədiyi qala konsertində özbək mahnı və rəqslərinə də yer verilib.
Konsertə Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə yekun vurulub.