Özbəkistan Respublikası Oliy Majlisi Senatının sədri Tanzila Narbayeva Buxara şəhərində keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qlobal parlamentlərarası əməkdaşlıq” mövzusunda beynəlxalq forumda iştirak edən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə 24 iyun 2021-ci il tarixində baş tutmuş görüşü zamanı ölkəsinin TÜRKPA-ya qoşulmağa hazır olduğunu bildirib.
QİA.AZ-ın məlumatına görə, görüş zamanı Senat sədri Özbəkistanın türkdilli ölkələrlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Assambleyaya qoşulmaq barədə qərar qəbul edildiyini diqqətə çatdırıb.
Öz növbəsində, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov Özbəkistanın Türk dünyası üçün, ümumilikdə, regionun inkişafında mühüm rol oynadığını, onun Assambleyaya qoşulmasının türkdilli ölkələr arasında əməkdaşlığın gələcək inkişafına yeni təkan verəcəyini bildirmişdir.
Həmçinin baş katib Senat sədrini Bakıya TÜRKPA Katibliyini ziyarət etməyə dəvət edib.