P​​​​​andemiya ilə bağlı requlyativ güzəşt müddəti artırıla bilər

Dek29,2020
P​​​​​andemiya ilə bağlı requlyativ güzəşt müddəti artırıla bilər

2021-ci ildə Azərbaycanda maliyyə sektoru üzrə siyasət maliyyə sabitliyinin qorunması, pandemiyadan təsirlənən iqtisadi subyektlərə dəstək, habelə maliyyə vasitəçiliyinin və bazarlarının dərinləşdirilməsi kimi istiqamətlərə yönəldiləcək. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunu daha da yüksəltməlidir.

“QİA.AZ” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, maliyyə sabitliyinin qorunması istiqamətində, ilk növbədə, bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi davam etdiriləcək. Prudensial tənzimləmə çərçivəsi sistem risklərinin önləyici qaydada aşkar edilməsinə və preventiv tədbirlərin görülməsinə imkan verəcək. Kredit təşkilatlarının risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi, banklarda korporativ idarəetmə standartlarının tətbiqi üzrə səylər gücləndiriləcək. Beynəlxalq standartlara uyğun requlyativ çərçivə və banklarda təkmil risk idarəetməsi sektorun sağlamlığını dəstəkləyəcək.

Əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair yeni strategiyanın 2021-ci ildə reallaşdırılması bank sektoruna etimadı qoruyacaq. Strategiya fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin dəyişdirilməsilə yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitlər üzrə kompensasiya məbləğinin müəyyənləşdirilməsini və notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanmasını nəzərdə tutur. Nəzərdə tutulan dəyişikliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsinin təkmilləşdirilməsinə, bazar intizamı və rəqabət mühitinin gücləndirilməsinə, beləliklə bank sisteminin dayanıqlığının və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcək.

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində fəaliyyət davam etdiriləcək. Pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dəstək məqsədilə tətbiq olunan requlyativ güzəştlərin zərurət olduqda vaxtının uzadılması və vəziyyətdən asılı olaraq modifikasiyası diqqətdə saxlanılacaq. Bu tədbirlər borcalanların maraqlarının müdafiəsinə, kreditləşmənin saxlanılmasına və maliyyə sektorunun stabil fəaliyyətinə istiqamətlənəcək.

Oxşar Xəbərlər