Pakistan öz ərazisinin atəşə tutulmasına cavab olaraq Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatı keçirib.
Bu barədə Respublika Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bugünkü əməliyyatın əsas hədəfi “Təhrik-e-Taliban Pakistan” qruplaşması ilə birlikdə Pakistanda çoxsaylı terror aktlarına görə məsuliyyət daşıyan Hafiz Gül Bahadur qrupunun terrorçuları olub. Həmin terror aktları nəticəsində yüzlərlə mülki şəxs və hüquq-mühafizə orqanlarının əməkdaşları öldürülüblər”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, terrorçular respublikanın təhlükəsizliyinə ciddi təhlükə yaradırlar.
“Pakistan Əfqanıstanın suverenliyi və ərazi bütövlüyünə böyük əhəmiyyət verir. Biz dəfələrlə Əfqanıstan hakimiyyətini ölkə torpaqlarından Pakistana qarşı terrorizm məqsədilə tramplin kimi istifadə edilməməsi üçün konkret tədbirlər görməyə çağırmışıq”, – deyə nazirlik vurğulayıb.
Mənbə: TASS