Pakistanda 28 May – Respublika Günü qeyd olunub

May27,2021

Azərbaycanın Pakistandakı Səfirliyində ölkəmizin milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Bu barədə “QİA.az”a səfirlikdən məlumat verilib.

Pakistan İslam Respiblikası Senatının sədri Məhəmməd Sadiq Sancraninin ali qonaq qismində iştirak etdiyi rəsmi qəbula senatorlar, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri, eləcə də xarici ölkələrin Pakistandakı bir sıra səfirləri təşrif buyurublar.

Azərbaycan və Pakistan dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə öz açılış nitqi ilə qonaqları salamlayıb, ölkəmizin bu il müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının (ADR) 103-cü ildönümünü Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxın qanunsuz erməni işğalından azad olunmasından sonra ikiqat və xüsusi əhəmiyyətlə qeyd etdiyini bildirib. ADR-nin varisi olan Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etdiyini bildirən səfir, xalqımızın bu illər boyu qanunsuz erməni işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək və regionda sülhü və ədaləti bərpa etmək arzusuyla yaşadığını vurğulayıb.

Əli Əlizadə qeyd edib ki, ADR-nin 1918-ci il mayın 28-də yaradılması Azərbaycan xalqı üçün tarixi bir hadisə idisə, 2020-ci ildə müasir və müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan və xalqı üçün növbəti şərəfli qələbə və tarixi nailiyyətdir.

O, 30 il davam etmiş münaqişə boyunca ölkəmizin erməni təcavüzündən əziyyət çəkdiyini, eləcə də Azərbaycanın münaqişə ilə bağlı bütün beynəlxalq tədbir və forumlarda əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını da vurğulayıb. Bütün aparıcı beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanımasına, dəstəkləməsinə eləcə də, erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistanın daima münaqişənin həllinə qeyri-konstruktiv yanaşdığını qeyd edən diplomat, sonda Ermənistanın təxribatçı addımlarının, bəyanatlarının və təcavüzkar əməllərinin bütün danışıqlara son qoyduğunu və müharibəni qaçılmaz etdiyini bəyan edib.

Əli Əlizadə Azərbaycan Respublikası Ali Baş Komandanının qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və qəhrəmanlığı, eləcə də, yüksək milli ruh və güc sayəsində ölkəmizin öz tarixi missiyasını yerinə yetirərək Ermənistanı məğlub etdiyini bildirib. Səfir Azərbaycanın hazırda dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik iqtisadi artımını davam etdirdiyini və tezliklə azad edilmiş ərazilərin də Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə və əsl cənnətə çevriləcəyini ifadə edib. Vətən müharibəsi zamanı daima ölkəmizlə çiyin-çiyinə dayanan və Azərbaycanın özünümüdafiə hüququnu dəstəkləyən qardaş Pakistana təşəkkürünü çatdıran diplomat, iqtisadi, siyasi, hərbi, müdafiə, təhlükəsizlik, eləcə də enerji sahələrində Azərbaycan – Pakistan əlaqələrinin koronavirus pandemiyasına baxmayaraq yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun humanitar-sosial tədbirlərinin pandemiya dövründə də Pakistanda həyata keçirildiyini bildirən səfir, yaxın zamanda ölkələrimiz arasında birbaşa uçuşların da başlayacağını qeyd edib.

O, həmçinin qeyd olunan irəliləyişlərin iki ölkənin rəhbərləri, qardaş xalqları və hökumətləri arasında əlaqələri gücləndirməyə və dərinləşdirməyə olan qərarlılığın bariz nümunəsi olduğunu da vurğulayıb.

Daha sonra səfir Əli Əlizadə Azərbaycan – Pakistan əlaqələrinin inkişafında və gücləndirilməsində göstərdiyi xidmətlərinə görə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancraninin Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 2019-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif olunduğunu bildirib və həmin medalı Senatın sədrinə təqdim edib.

Tədbirdə çıxış edən ali qonaq, Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani bu il Azərbaycanda Respublika Gününün 103-cü ildönümününün qeyd edildiyini bildirərək bu əlamətdar bayram münasibətilə Azərbaycan rəhbərliyini, hökümətini, parlamenti və xalqını təbrik edib. Qardaş Azərbaycan və Pakistan arasındakı səmimi münasibətlərdən söhbət açan sədr, ölkələrimiz arasındakı strateji əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluğunu dilə gətirib və iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyindən bəhs edib, Pakistanın hər zaman Azərbaycanın yanında olacağını bildirib.

Məhəmməd Sadiq Sancrani Azərbaycanın Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bu yaxınlarda Azərbaycan Respublikası Milli Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Pakistana səfər edəcəyini xatırladaraq bu səfərin ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb. Məhəmməd Sadiq Sancrani “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı ilə təltif olunmasından fəxr hissi duyduğunu ifadə edib, Azərbaycan – Pakistan əlaqələrinin daha da inkişaf etdirilməsində öz fəal rolunu davam etdirəcəyini qeyd edərək dəyərli təltifə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın üçrəngli bayrağının əks olunduğu rəmzi tort kəsilib.

Tədbir boyu Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı, eləcə də Vətən Müharibəsindəki qələbəsini əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirilib, Azərbaycan milli musiqisi və xalq mahnıları səsləndirilib .

Oxşar Xəbərlər