Pakistan Səfirliyindən “QİA.AZ”a verilən məlumata görə,20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş, “Şəhidlikdən Qələbəyə” mövzusunda videokonfrans formatında keçirilmiş və 100-ə yaxın tələbənin qatıldığı mühazirə Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən Pakistanın Sarqoda Universiteti ilə birgə təşkil olunub. Azərbaycanın Şəhidlərinin yad olunması ilə mühazirəni açıq edən edən Sarqoda Universitetinin siyasət və beynəlxalq münasibətlər kafedrasının dosenti, Dr. Aşfaq Əhməd, 20 Yanvar 1990-cı il hadisələrindən bəhs edərək, bu günün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq səhifəsi kimi tarixə həkk olunduğunu vurğulayıb. Dr. Aşfaq Əhməd Azərbaycan – Pakistan arasındakı səmimi əlaqələrdən söz açaraq, Pakistan 2-ci Dağlıq Qarbağ müharibəsi dövründə də Azərbaycanın yanında olduğunu və onun haqlı mövqeyini dəstəklədiyini bildirib, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi münasibətilə Azərbaycan dövlətinə və xalqına təbriklərini çatdırıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik mübarizəsinin əhəmiyyətli mərhələsi olduğunu, hətta erməniləşmiş sovet ordusunun xalqımızın azadlıq ideyalarını qıra bilmədiyini söyləyib, həqiqətən 20 Yanvar gününün tarixdə qanlı, eyni zamanda şanlı bir gün olaraq qaldığını bildirib. Əli Əlizadə müstəqilliyin əldə edilməsində liderlərin rolunun danılmaz olduğunu bildirərək, Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrindən dərhal sonra verdiyi bəyanat nəticəsində Azərbaycan xalqının özünün yalnız olmadığını hiss etməsi ilə ölkəmizdə müstəqillik hərəkatının yeni vüsət aldığını və genişləndiyini, hərəkatın sonda Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsi ilə nəticələndiyini qeyd edib. Səfir, 20 Yanvar hadisələri ilə qazanılmış müstəqilliyin bərpasından bir neçə il sonra, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanla imzalanmış atəşkəs sazişinin ardınca Azərbaycanın güclü dövlət və ordu quruculuğuna başladığını, siyasi və iqtisadi nailiyyətlərə imza atdığını, beynəlxalq aləmdə mövqeyini gücləndirdiyini qeyd edib. Həmin dövrdən 30 ilə yaxın bir müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə göstərilən səylərin nəticə verməməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi, dünya birliyinin və beynəlxalq təşkilatların, xüsusən Minsk Qrupu ölkələrinin praktiki addımlar atmaması və işğalçı Ermənistana lazımi təzyiqlər göstərməməsinin Azərbaycanın sülhə məcbüretmə əməliyyatı həyata keçirməyə vadar etdiyini bildirib. Əli Əlizadə 27 sentyabr tarixindən erməni təxribatları və hücümlarına cavab olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi ilə 44 gün ərzində aparılan Vətən Müharibəsi nəticəsində Ermənistanın kapitulasiya etdiyini, torpaqlarımızın azad olunduğunu və şəhidlərimizin qanının yerdə qalmadığını bildirib. Azərbaycan – Pakistan əlaqələrindən də danışan səfir, iki qardaş ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu ifadə edib, müstəqilliyini yenidən bərpa etdikdən sonra Pakistanın Azərbaycanı ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb və təcavüzkar Ermənistanı bir dövlət kimi bugünədək tanımadığını, 44 günlük Vətən Müharibəsi başladığı ilk gündən etibarən Azərbaycana siyasi və mənəvi dəstək verdiyinə görə Pakistan dövlətinə və xalqına təşəkkür edib. Müharizərinin ardınca 20 Yanvar tarixinin mahiyyəti, 2-ci Dağlıq Qarabağ müharibəsinin nəticələri, Pakistan-Azərbaycan əlaqələri ilə bağlı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, Azərbaycan həqiqətlərinə dair əlavə məlumatlar verilib.