COVID-19 pandemiyası dövründə Almaniyada əcnəbilərə qarşı irqçi hücumların sayında artım qeydə alınıb.
QİA.AZ Reporta istinadən bildirib ki, ötən ilin noyabr ayına qədər agentliyə irqi və siyasi motivli hücuma məruz qalan 6 000-ə yaxın şəxs müraciət edib. Bu 2019-cu ildəki göstərici ilə müqayisədə iki dəfə çoxdur. Belə ki, həmin il agentliyə irqçi və siyasi motivli hücuma məruz qalan 3 200 şəxs müraciət etmişdi.
2020-ci ildə Almaniyada irqçi hücuma məruz qalanların böyük bir hissəsi Asiya kökənli olub. Agentliyin məlumatına görə, türk və ərəb mənşəli əcnəbilərin sərt karantin qaydalarının tətbiq olunduğu zaman fərdi toy şənlikləri keçirməsi də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu hadisələr zamanı da onlarla əcnəbi irqçi hücuma məruz qalıb.
Ötən il Almaniyada irqçi və siyasi motivli hücuma məruz qalan Azərbaycan vətəndaşlarınn sayında isə azalma qeydə alınıb. Belə ki, 2020-ci ildə 14 Azərbaycan vətəndaşı irqçi və siyasi motivli hücuma məruz qalıb. Bu hadisələr zamanı həmvətənlərimizdən 3-ü yüngül bədən xəsarətləri alıblar. Hücuma məruz qalan Azərbaycan vətəndaşları 23-52 yaş arasında olublar. Həmin faktlar Almaniyanın Şimali Reyn Vestfaliya, Bavariya, Saksoniya, Saksoniya-Anhalt və Hamburq əyalətlərində qeydə alınıb.
Məlumat üçün bildirək ki, 2019-cu ildə irqçi və siyasi motivli hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı 23 olub. Həmin hadisələr zamanı həmvətənlərimizdən 1-i ölüb, 2-si ağır olmaqla, 20-si müxtəlif bədən xəsarətləri alıblar.